Danimarka Arktika Komandanlığının rəhbəri general-mayor Sören Andersen ABŞ prezidenti Donald Trampın Qrenlandiya yaxınlığında Rusiya və Çin gəmilərinin olması ilə bağlı iddialarını təkzib edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Qrenlandiya ətrafında heç bir Rusiya və ya Çin gəmisi görmürük. Şimal Buzlu Okeanında Çin və Rusiya gəmiləri var, amma Qrenlandiya yaxınlığında deyil", - deyə o qeyd edib.
General Andersen əlavə edib ki, o, ABŞ-ı bu il adada keçirilməsi planlaşdırılan təlimlərə qoşulmağa dəvət edib. O, Vaşinqtonun hələlik dəvətə cavab vermədiyini aydınlaşdırıb.
Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ təhlükəsizliyi üçün strateji əhəmiyyətini bildirib. Buna cavab olaraq, Avropa ölkələri adadakı hərbi mövcudluğunu gücləndirmək qərarına gəliblər: Fransa 15, Almaniya 13 və Finlandiya iki əsgər göndərib.