Arktika regionu hər zaman fövqəldövlətlərin maraq dairəsində olub. Strateji baxımdan mühüm təchizat qovşağı sayılan Arktika marşrutu təkcə ticarətə deyil, həm də hərbi təhlükəsizlik sahəsinə birbaşa təsir göstərə bilər. Flamand kartoqrafı Georg Merkatorun işləri əsasında yaradılmış müasir dünya xəritəsi proyeksiyası materikləri və qitələri əyani şəkildə nümayiş etdirsə də, ekvatordan uzaq yerləşən regionlar arasındakı qarşılıqlı əlaqəni tam şəkildə dərk etməyə imkan vermir.
Proseslərdən xəbərsiz müşahidəçi üçün ABŞ və Rusiya Federasiyası Avropa ilə ayrılaraq bir-birindən xeyli məsafədə yerləşirmiş kimi görünür, halbuki aralarındakı real məsafə son dərəcə azdır. Məsələ hətta Kamçatkaya bilavasitə yaxın olan Alyaska ilə də bağlı deyil. Biz demək olar ki, heç vaxt Arktikanı nəzərə almırıq - halbuki təyyarələr və ballistik raketlər Avropa qitəsindən yan keçməklə məhz bu bölgə üzərindən də uça bilər.
Bundan əlavə, Rusiyanın atom buzqıran donanması hesabına yaratdığı Şimal dəniz yolu Moskvaya ABŞ sahillərinə qədər olan məsafəni azaltmaq imkanı verir və bu yol, o cümlədən, Qrenlandiya üzərindən də keçə bilər. Bu problem NATO üzvləri arasında mübahisələrə səbəb olub; alyans daxilində bu problemin həlli yollarına dair fərqli yanaşmalar mövcuddur.
Pul müqabilində - yox
ABŞ Prezidenti Donald Tramp özünəməxsus biznes yanaşması ilə hələ ilk prezidentlik dövründə (2017-2020-ci illər) adanın Danimarkadan alınması ideyasını irəli sürüb və ikinci müddətə seçildikdən sonra adanı əldə etmək cəhdlərini xüsusilə fəallaşdırıb. Guya bu torpaqlarda yaşayan insanların sayı azdır, danimarkalıların regionu inkişaf etdirmək imkanları məhduddur - Qrenlandiya isə strateji maraq kəsb edir. Motiv isə sadədir - Qrenlandiya ABŞ üçün milli təhlükəsizlik maraqları baxımından son dərəcə vacibdir. Trampın versiyasına görə, əgər ABŞ bu gün adanı öz himayəsinə götürməsə, sabah ora Rusiya və Çin daxil olacaq.
ABŞ-nin inkişaf etdirmək niyyətində olduğu "Qızıl Günbəz" hava hücumundan müdafiə sistemi (Yaxın Şərqdəki tərəfdaşı İsrailin "Dəmir Günbəz" təcrübəsindən ilhamlanıb) Şimali Amerikanın tam örtülməsini nəzərdə tutur. Bu baxımdan Vaşinqton Qrenlandiyanı Arktika üzərindən ABŞ-yə doğru uçan raketlərin hələ yaxınlaşma mərhələsində ələ keçirilməsi üçün müdafiədəki boşluqları bağlamağa imkan verən potensial fürsət kimi görür.
D.Tramp xırdalıqlara varmadı və dərhal məqsədinə tutarlı "kozır"la başladı. Vaxtilə ABŞ-nin Çar Rusiyasından Alyaskanı satın alması kimi Qrenlandiyanın da alınması barədə sövdələşmə təklif etdi. Vaşinqtonda "Niyə də olmasın?" – deyə düşünə bilərdilər: belə bir presedent artıq olub, ABŞ-də tətbiq olunan anqlo-sakson hüququ sistemi isə artıq baş vermiş hallara əsaslanır.
Əsaslı şəkildə məsələyə yanaşan iri biznesmen kimi Tramp adanın üzərində nəzarətin əldə edilməsinin iqtisadi variantının Vaşinqtona neçəyə başa gələcəyinin hesablanmasını tapşırıb. KİV-in iddiasına görə, alimlər və keçmiş məmurlar tərəfindən aparılan bu hesablamaların nəticəsi 2,1 milyon km² sahəsi olan ada üçün "adekvat qiymət" kimi adlandırılan 700 milyard dollar məbləğini ortaya qoyub. Məbləğ çox böyükdür, lakin xatırladaq ki, ABŞ-nin 2026-cı maliyyə ili üçün hərbi büdcəsi təxminən 1 trilyon dollardır. Digər tərəfdən, nəhəng iqtisadi potensialı olan belə böyük bir ada üçün bu o qədər də çox deyil. Üstəlik, ada üçün ödəniş məbləğini uzun müddətə bölmək və ya qismən barter yolu ilə ödəmək də mümkündür.
Bununla belə, D.Trampın bu planları nə Danimarka Krallığında, nə də Avropa İttifaqında rəğbətlə qarşılanıb. Qrenlandiyanın özündə də ABŞ liderinin adanı almaq cəhdləri rədd edilib və bildirilib ki, ada satılımır. Kopenhagendə ABŞ-nin təklifinin şok effekti doğurduğunu demək, reaksiyanı xeyli dərəcədə kiçiltmək olardı. Xüsusən də, bu gündəm kontekstində ikinci variant – güc variantı barədə danışmağa başladıqdan sonra.
Qrenlandiyanın keşiyində dayanan "it xizəkləri"
Avropalılar üçün Qrenlandiyanın güc yolu ilə ələ keçirilməsi misli görünməmiş bir şey olardı: Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən NATO üzrə əsas müttəfiq, öz təhlükəsizliyini qorumaq bəhanəsi ilə nəhəng adanın ona verilməsini tələb edir.
Danimarka xarici işlər naziri Lars Rasmussen ənənəvi Avropa tərzinə uyğun olaraq - həm narahatlığını, həm də təşvişini ifadə edərək ABŞ ilə birlikdə Qrenlandiya ətrafında vəziyyəti müzakirə etmək üçün yüksək səviyyəli işçi qrupu yaradıldığını elan edib. Məqsəd isə Danimarka Krallığının ərazi bütövlüyünün qorunması şərtilə ABŞ-nin təhlükəsizlik məsələlərinin həlli yollarını tapmaq idi. Danimarkada Vaşinqtona ABŞ-nin təhlükəsizliyini təmin etməkdə necə daha çox kömək edə biləcəklərini müzakirə etməyə hazırdırlar. Və bu zaman nəzərə alınmalıdır ki, adada artıq ABŞ hərbi kontingenti var.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ və Danimarka birgə işçi qrupunun görüşlərinin hər iki-üç həftədən bir keçiriləcəyini bildirib. Amerikalıların bu bəyanatı ya danimarka tərəfini yumşaltmaq cəhdi, ya onun sayıqlığını zəiflətmək istəyi, ya da danimarkalıları adadan imtina etməyə razı salmaq üçün əlavə vaxt qazanmaq cəhdi kimi görünür.
Ehtiyat tədbiri olaraq Kopenhagen Qrenlandiyada və onun ətrafında hərbi mövcudluğun genişləndiriləcəyini elan edib. Bu təşəbbüsə Almaniya, Fransa, İsveç, Norveç, Finlandiya, Böyük Britaniya və Niderland qoşulub. Düzdür, dəstək sırf rəmzi xarakter daşıyıb, çünki sonradan məlum olub ki, Norveç və Finlandiya cəmi iki hərbçi göndərəcək. İsveç isə izah edib ki, söhbət "silahlı qüvvələrin bir neçə zabitindən" gedir və daha sonra qrupun silahsız olacağını bildirib. Almaniya və Fransa müvafiq olaraq 13 və 15 hərbçi, Böyük Britaniya və Niderland isə hər biri 1 hərbçi göndərib.
Skandinaviya birliyinin bu səviyyəsi ilə Kalmar İttifaqını dirçəltmək çətin ki, mümkün olsun, lakin psixoloji jest olaraq bu dəstək inandırıcı görünür.
ABŞ ilə aparılan danışıqlarla yanaşı, danimarkalılar adanın bu cür "gücləndirilməsinin" "Operation Arctic Endurance" təlimləri ilə əlaqəli olduğunu bildiriblər. Donald Trampın Avropa ölkələrinin NATO-nun gücləndirilməsinə çox az vəsait ayırmasından narazı olduğunu unutmamalıyıq. O, bu yaxınlarda bildirib ki, Qrenlandiyanın bugünkü müdafiəsi "iki it kirşəsi"ndən ibarətdir, avropalılar isə bu regiona qoşun göndəriləcəyini elan edirlər.
Görünən odur ki, təlimlərə göndərilən o "ordu" Vaşinqtonda təəssürat yaratmaq gücündə deyil və ən yaxşı halda, Trampın soyuq müharibədən sonra NATO-nun tamamilə zəifləməsi barədə fikrini daha da möhkəmləndirəcək. Üstəlik, onu Qrenlandiyadan imtina etməyə heç vaxt razı salmayacaq. Danimarkanın xarici işlər nazirinin fikrincə, adanın güc yolu ilə ələ keçirilməsi "NATO-nun sonu" demək olacaq. Bəziləri hadisələrin bu cür inkişafına çox sevinəcəklər. Lakin hadisələrin bu ssenari üzrə cərəyan etməsi ehtimalı hələlik azdır.
"Nə üçün vuruşuruq?"
İnsanların faktiki yaşamadığı Arktikadakı bu nəhəng ada Danimarkanın nəyinə lazımdır? Doğrudan da, müxtəlif hesablamalara görə, Qrenlandiyada 50 mindən bir qədər çox insan yaşayır. Bu gün region dotasiya hesabına maliyyələşir və balıqçılıqdan başqa ölkə iqtisadiyyatına çox az töhfə verir. Ən azından bu, hələlik belədir.
Daha ətraflı təhlil əsasında regionun böyük iqtisadi perspektivlərinin olduğu aydın olur: görünür, artıq hamının barışdığı buzlaqların əriməsi geoloji kəşfiyyat və mineral resurs hasilatının artırılması üçün yeni imkanlar açır.
Müxtəlif qiymətləndirmələrə görə, Qrenlandiya zəngin nadir torpaq metalları və qrafit ehtiyatlarına malikdir. Bunlar məhz Vaşinqtonun qlobal miqyasda olduqca fəal şəkildə ovuna çıxdığı resurslardır.
İqtisadi perspektivlərin itirilməsi ilə yanaşı, Qrenlandiyanın təzyiq altında başqa bir dövlətin nəzarətinə keçməsi beynəlxalq hüququn əsaslarının yenidən nəzərdən keçirilməsi təhlükəsini yaradır. Aİ buna son dərəcə həssas yanaşır: artıq dördüncü ildir davam edən Ukrayna müharibəsi ərazi mənsubiyyəti və suverenlik məsələləri ilə birbaşa bağlıdır.
Brüssel, Paris, Berlin və Kopenhagen anlayır ki, bu cür addımlardan sonra həm ABŞ, həm də Avropa İttifaqı Ukrayna münaqişəsi məsələsində Rusiyaya qarşı çıxmaq üçün mənəvi və hüquqi arqumentlərdən məhrum olacaqlar.
ABŞ-də keçirilən sosioloji sorğuların nəticələrinə əsasən, amerikalıların əksəriyyəti Arktika adası uğrunda qətiyyən müharibə etmək istəmir, xüsusən də müttəfiqə qarşı. Amerikalıların yalnız 17 %-i ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı əldə etmək niyyətini dəstəkləyir. Demokratların bir çoxu həm adanın satın alınması ideyasına, həm də güc tətbiqinə olduqca mənfi münasibət bəsləyir. Respublikaçıların mövqeyinə gəlincə, respondentlərin yalnız 40 %-i adanın əldə edilməsi ideyasını dəstəkləyir. Hətta Trampın tərəfdarları arasında belə avropalı müttəfiqlərə qarşı müharibənin başlamasını istəyənlər azdır.
Vəziyyətin absurdluğu bundadır ki, ABŞ strateji rəqiblərin hipotetik təhdiddən qorunmaq üçün müttəfiqə hücum etmək variantını nəzərdən keçirir. Nəticədə "Özününküləri vur ki, yadlar qorxsun" prinsipi ortaya çıxır.
Trampın bu planı reallaşdıra bilib-bilməyəcəyini söyləmək çətindir: treyderlər bu tamaşanı izləyərək böyük qazanc əldə etmək ümidi ilə müxtəlif mərclər edir, Moskvada isə yəqin ki, "avropalı tərəfdaşların" çəkdiyi əzabları diqqətlə izləyirlər. Ağ Evə qayıtdıqdan sonra ötən bir il ərzində ABŞ lideri hamıya göstərdi ki, o, dilə gətirdiyi məqsədlərə çatmağı bacarır. Bu, sadəcə zaman məsələsidir. Çox güman ki, Tramp Qrenlandiyadan dünyanın başqa bir bölgəsində keçirəcəyi əməliyyatdan diqqəti yayındırmaq üçün istifadə edir. Problemi daha da qəlizləşdirən odur ki, adanın güc yolu ilə ələ keçirilməsi onsuz da "can üstündə olan" mövcud qlobal təhlükəsizlik arxitekturasını tamamilə məhv edəcək və bəlkə də dönüşü olmayan müəyyən proseslərə təkan verəcək.







