Ermənistanın Baş naziri Nikol Paşinyanın son günlər kommunikasiya xətləri, xüsusən də dəmir yolu ilə bağlı açıqlamaları bir sıra mətləblərdən xəbər verir. Məsələn, Paşinyan ötən gün bəyan edib ki, Rusiya tərəfinə Ermənistan ərazisində Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu sahələrinin bərpası ilə bağlı qərarın qəbulunu sürətləndirmək xahişi ilə müraciət edib. O bildirib ki, məsələ həm Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunub, həm də Ermənistanın baş nazirinin müavininin Rusiya hökumətinin sədr müavini ilə bu mövzuda danışıqları aparılıb. Paşinyan əlavə edib ki, İrəvan Moskvanın bu təkliflərə reaksiyasını gözləyir.
Bu açıqlamadan təxminən üç həftə əvvəl, ötən ilin dekabrın 25-də erməni hökumətinin başçısı açıqlama verərək bildirib ki, əgər Rusiya tərəfi Azərbaycan və Türkiyə sərhədlərinə aparan dəmir yolu sahələrinin bərpasında çətinliklərlə üzləşərsə, Ermənistan bu sahələri Rusiyanın konsessiyasından geri ala bilər. Bu isə rəsmi İrəvanın dəmir yolları ilə bağlı ilk sərt və açıq mesajı da sayıla bilər. Bu açıqlamalar həm Paşinyanın regiondakı geosiyasi dəyişiklikləri, Azərbaycanın yaratdığı gündəliyi qəbul etməsi ilə yanaşı, Kremlin ölkədəki təsir və təzyiq rıçaqlarını azaltmaq istəyindən də xəbər verir. Hər iki açıqlamanı diqqətlə oxuyanda görünür ki, Baş nazir Ermənistanın Rusiya ilə münasibətlərində təkcə taktiki deyil, strateji xarakter daşıyan dəyişikliklərə getmək niyyətini güdür. Çünki məsələ təkcə dəmir yolunun təmiri və bərpasından getmir.
İrəvan faktiki olaraq Moskvanın əsas təsir rıçaqını, yəni nəqliyyat və logisitika nəzarətini zəiflətməyə çalışır. Bu istəyin xüsusən də Azərbaycan və Türkiyə ilə dəmir yoluna aid olması da Paşinyanın bu iki ölkə ilə münasibətlərində Rusiyanın iştirakını çıxdaş etmək arzusundan qaynaqlanır. Xüsusən də regionda kommunikasiya xətlərinin açılması, qarşılıqlı logistik fəaliyyətin bərpasının gündəmdə olduğu və reallaşması kontekstində baxanda Ermənistan üçün məsələnin iqtisadi infrastruktur olmaqla yanaşı, Rusiyanın siyasi və geosiyasi təsir alətini əlindən almaq olduğu görünür. Paşinyanın bu sahələrin konsessiyadan geri alına biləcəyini açıq şəkildə dilə gətirməsi Kremlin uzun illər ərzində formalaşdırdığı təsir mexanizminə birbaşa mesajdır.
Xüsusi diqqət yetirilməli məqam odur ki, Paşinyan məhz Azərbaycan və Türkiyə ilə əlaqəli dəmir yolu xətlərinə ciddi maraq göstərir və onların bərpasında tələskənlik nümayiş etdirir. Bu, Ermənistanın regional siyasətində prioritetlərin dəyişdiyini göstərir. İrəvan bu xətləri yalnız iqtisadi baxımdan deyil, siyasi baxımdan da həyati əhəmiyyətli hesab edir. Məqsəd Azərbaycan və Türkiyə ilə münasibətləri sürətləndirmək, kommunikasiya xətlərini birbaşa və Rusiyanın müdaxiləsi olmadan işlək vəziyyətə gətirməkdir. Ermənistan anlayır ki, bu dəmir yolları Rusiyanın nəzarətində qaldıqca Bakı və Ankara ilə münasibətlərdə Moskva faktiki olaraq aralıq oyunçu rolunu saxlayacaq. Məhz buna görə də Paşinyan bu sahəni Rusiyanın əlindən almağa və mümkün qədər tez Ermənistanın birbaşa nəzarətinə qaytarmağa çalışır.
Əslində bu yanaşma və açıqlamalar Baş nazirin son illərdə Moskva ilə bağlı atdığı digər addımlarla uyğunluq təşkil edir. Məsələn, İrəvandakı "Zvarnots" hava limanından rus sərhədçilərinin çıxarılması, əvəzinə erməni sərhədçilərin xidmətə başlaması, buna paralel olaraq isə Ermənistan MTN-nin tərkibində sərhəd qoşunlarının formalaşdırılmasını xatırlayaq. Bundan qısa müddət sonra isə Ermənistan sərhədinin bəzi ərazilərindən rus sərhədçiləri də geri çəkildi. Bu, əslində təhlükəsizlik sahəsində Rusiyanın rolunun mərhələli şəkildə azaldılmasına yönəlmiş addımlardır. Ermənistan faktiki olaraq göstərir ki, ölkə ərazisində təhlükəsizlik və suverenlik məsələlərində qərarverici rolun tədricən öz üzərinə keçməsini istəyir.
Eyni məntiq enerji sahəsində də müşahidə olunur. Ermənistan elektrik şəbəkəsinin milliləşdirilməsi Rusiyanın iqtisadi təsir rıçaqlarından birinin zəiflədilməsi idi. Paralel olaraq ABŞ ilə modul tipli atom elektrik stansiyaları barədə danışıqlar aparılır. Bu stansiyaların Metsamor Atom Elektrik Stansiyasını tam əvəzləyə bilməyəcəyi aydındır və Ermənistan rəhbərliyi də bunu anlayır. Üstəlik, Metsamor AES-in Rusiyasız işləməsinin mümkün olmadığı da faktdır. Ən azından ona görə ki, Ermənistanın bunun üçün yanacaq ehtiyatı yoxdur. Buna baxmayaraq, İrəvanın bu danışıqlara getməsi enerji sahəsində də Rusiyadan asılılığı azaltmaq istəyi kimi qiymətləndirilməlidir. Bu, texniki nəticədən çox siyasi mesajdır.
Beləliklə, dəmir yolu, sərhəd təhlükəsizliyi və enerji sahəsində atılan addımlar bir-birindən ayrı yox, vahid strategiyanın tərkib hissəsidir. Ermənistan Rusiya ilə münasibətləri birdən-birə qoparmaq niyyətində deyil, lakin Kremlin ölkə daxilindəki əsas təsir rıçaqlarını ardıcıl şəkildə zəiflətməyə çalışır. Xüsusilə Azərbaycan və Türkiyə ilə əlaqəli kommunikasiya xətlərinin Rusiyanın nəzarətindən çıxarılması İrəvanın regional siyasətində dönüş nöqtəsi hesab oluna bilər.
Nəticə etibarilə Paşinyan hakimiyyətinin xətti ondan ibarətdir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri sürətləndirmək, bu münasibətlərdə Rusiyanın müdaxilə imkanlarını minimuma endirmək və ölkənin strateji manevr imkanlarını genişləndirmək istəyir. Bu yol risklidir və Ermənistan hələ uzun müddət Rusiyadan tam müstəqil ola bilməz. Lakin həm dəmir yolu ilə bağlı verilən mesajlar, həm təhlükəsizlik, həm də enerji sahəsində atılan addımlar göstərir ki, İrəvan artıq əvvəlki kimi Kremlin təsir dairəsində qalmaq niyyətində deyil və yeni geosiyasi balans axtarışındadır.
Kamil Məmmədov



