IMG-LOGO

Azərbaycanda görünməz qanunlarla fəaliyyət göstərən reabilitasiya mərkəzləri - ARAŞDIRMA

16 Jan 2026 12:12 4 baxış
IMG

Bir müddət əvvəl mediada "jurnalist Nəsimi Nəbizadə narkomaniya asılılığından azad olmaq üçün müalicə aldığı reabilitasiya mərkəzindən qaçdı" başlıqlı xəbərlər dərc olundu. Sual yaranır: insan müalicə aldığı yerdən niyə "qaçsın"? Könüllülük üzərində qurulmalı olan müalicə prosesi "qaçış" xəbərləri ilə yadda qalırsa, deməli, problem təkcə pasiyentdə deyil. Bu cür hadisələr reabilitasiya anlayışının özünü sual altına alır və həmin mərkəzlərin nə dərəcədə şəffaf, hüquqa uyğun və insan yönümlü fəaliyyət göstərdiyi barədə şübhələri artırır.

Ümumiyyətlə narkomaniya günümüzün əsas problemlərindən biridir. Bu problem haqqında tez-tez danışılır, statistika açıqlanır, tədbirlər keçirilir. Amma məsələ narkotikdən qurtulmaq istəyən insanın yoluna gələndə suallar başlayır. Həmin yolun üzərində dayanan reabilitasiya mərkəzləri doğrudanmı müalicə edir, yoxsa sadəcə problemin üzərindən keçib gedir?

Avropa ölkələrində, Kanadada asılılıqdan müalicə könüllülük, anonimlik və insan hüquqları üzərində qurulub. Reabilitasiya mərkəzləri açıq tipli fəaliyyət göstərir, pasiyent nə ilə qarşılaşacağını bilir, prosesə müstəqil qurumlar nəzarət edir.

Azərbaycanda isə reabilitasiya mərkəzlərinin bir qismi haqqında ictimaiyyət demək olar ki, heç nə bilmir. Orada hansı metodların tətbiq edildiyi, bu metodların elmi əsaslara söykənib-söykənmədiyi, pasiyentlərin hansı hüquqlara malik olduğu müəmmalıdır. Ən narahatedici suallardan biri də budur: müalicə həqiqətən könüllüdürmü, yoxsa "müalicə" adı altında başqa proseslər gedir?

Bu suallar cavabsız qaldıqca, narkotik asılılığı ilə mübarizə yalnız statistika və hesabatlarda qalır. Reabilitasiya isə həqiqi mənasında insanı həyata qaytaran mexanizmə çevrilmir.

Bütün bu yazılanlar "Report"un reabilitasiya mərkəzlərinin biri ilə telefon danışığında öz əksini tapıb.

Mərkəzdən bildirilib ki, müəssisədə "12 addım" proqramı tətbiq edilir, psixoloq və mütəxəssislərlə birgə müalicə aparılır. Hətta ehtiyac olduqda kənardan müəssisəyə həkimlər dəvət edilir, pasiyentlərə inyeksiya və sistem formasında preparatlar tətbiq olunur:

"Həkimlərimiz mərkəzimizlə mütəmadi əməkdaşlıq edən şəxslərdir. Onlar kənardan gəlir. Ehtiyac olduqda pasiyentlərə tibbi müdaxilələr edirlər. İnyeksiya və sistem formasında vitaminlərdən istifadə olunur. Bununla da bir növ pasiyent "de-toksikasiya" edilir".

Bütün bunların hansı qanun çərçivəsində və icazə ilə tətbiq olunduğunu soruşduqda isə mərkəzdən belə bir cavab gəlir:

"Biz 6 ildir fəaliyyət göstəririk və 300-dən çox pasiyenti aslılıqdan qurtarmışıq. Həmin dərman və iynələrin heç bir əks təsiri ola bilməz".

Yenidən "Bəs hansı icazə ilə bu proseslər həyata keçirilir" sualı ünvanlandıqda isə suallar cavabsız qaldı...

Anlaşılan odur ki, nə tətbiq olunan tibbi müdaxilələrin nə də "kənardan" gətirilən həkimlərin qanuni icazəsi alınmayıb.

Ortaya belə bir sual çıxır - Azərbaycanda reabilitasiya mərkəzlərinə və bütün bu proseslərə hansı qurum nəzarət edir?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) "Report"un sorğusuna cavab olaraq bildirildi ki, reabilitasiya mərkəzləri ayrıca fəaliyyət növü kimi qeydiyyata alınmadığından, onların sayı üzrə vahid rəsmi statistika mövcud deyil:

"Lisenziyalar və icazələr haqqında" qanunun 14.2-ci maddəsinə əsasən, lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı yalnız Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilir. Reabilitasiya mərkəzləri ayrıca fəaliyyət növü kimi qeydiyyata alınmadığından, onların sayı üzrə vahid rəsmi statistika mövcud deyil".

AEM-dən qeyd edilib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələblərinə əsasən, hər hansı müəssisədə yoxlama yalnız qanunla müəyyən edilmiş hallarda və müvafiq dövlət qurumlarının rəsmi müraciəti əsasında aparıla bilər:

"Bu baxımdan, AEM vətəndaşlardan və ya aidiyyəti qurumlardan müəssisədə lisenziyasız tibbi fəaliyyətin həyata keçirilməsinə dair əsaslandırılmış müraciət və sübutedici sənədlər daxil olduqda, həmin müəssisədə tibbi xidmət göstərilib- göstərilmədiyini müəyyən etmək məqsədilə plandankənar yoxlama apara bilər. Lakin reabilitasiya mərkəzi tibbi müalicə fəaliyyəti həyata keçirmədiyi halda, həmin müəssisələrə nəzarət AEM-in səlahiyyətlərinə aid deyil. Belə hallarda bu cür müəssisələrin fəaliyyəti qanunvericiliyə uyğun olaraq aidiyyəti dövlət və hüquq-mühafizə orqanları tərəfindən qiymətləndirilə bilər".

İqtisadiyyat Nazirliyindən də öz növbəsində "Report"un sorğusuna cavabda qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına əsasən reabilitasiya fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növü hesab edilmir:

"Reabilitasiya mərkəzləri əsasən müalicədən sonrakı mərhələdə fəaliyyət göstərir və şəxslərin fiziki, psixoloji və sosial funksiyalarının bərpasına yönəlir. Narkologiya üzrə tibbi diaqnoz və tibbi müalicənin aparılması isə lisenziyalaşdırılan özəl tibbi fəaliyyətə aiddir və lisenziya tələb olunur".

Nazirlikdən o da bildirilib ki, İqtisadiyyat Nazirliyi lisenziya verərkən sahibkarlıq fəaliyyətinin xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyini əsas götürür:

"Özəl tibbi fəaliyyətlə məşğul olmaq istəyən şəxslər avadanlıqların normativ-texniki tələblərə uyğunluğunu, tibb xidmətləri göstərən şəxslərin müvafiq ixtisas və iş stajına malik olduqlarını, eləcə də fəaliyyət göstəriləcək obyekt üzrə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədləri təqdim etməlidirlər. Sənədlər qaydasındadırsa və aidiyyəti dövlət orqanı müsbət rəy verərsə, dövlət rüsumu ödənilir və lisenziya təqdim olunur".

"Report"a açıqlama verən qurumlarla söhbətlərdən sonra məlum oldu ki, Azərbaycanda reabilitasiya mərkəzləri var, amma reabilitasiya fəaliyyətinin özü hələ də dəqiq çərçivəyə salınmayıb. Və ya hansısa hüquqi çərçivə var, lakin aidiyyəti qurumların bu işlə məşğul olması üçün aydın mexanizm yoxdur.

Azərbaycanda reabilitasiya mərkəzlərində narkomaniyadan əziyyət çəkənlərə əzab vermək və onların bəzilərinin ölməsi faktları da olub. Bu faktlarla bağlı cinayət işləri də açılıb.

Görünür elə bu səbəblərdən ötən gün Ombudsman aparatının "Psixi sağlamlıq və İnsan hüquqları" sahəsində İşçi Qrupu müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən və son zamanlar "məhşur jurnalist qaçdı" xəbərləri ilə gündəmə gələn reabilitasiya mərkəzində monitorinq keçirib. Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləri araşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədə məlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb. O da bildirilib ki, reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında aparılan təhlil işinin yekunlaşdırılaraq müvafiq təklif və tövsiyələrin hazırlanması və aidiyyəti dövlət orqanlarına ünvanlanması nəzərdə tutulur.

Amma nəticənin nə olduğu, həmin reabilitasiya mərkəzinin qanuna uyğun fəaliyyət göstərib-göstərmədiyi barədə əlavə məlumat verilməyib. Ümid edirik ki, bu susqunluq sözügedən mərkəzdə hər şeyin yolunda olduğuna işarədir...

Bəs mütəxəssislər nə təklif edir?

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva mövzuya münasibətində bildirib ki, reabilitasiya mərkəzləri kənardan həkim dəvət edirsə, bunu etmək üçün tibb müəssisəsi kimi qanunvericiliyə uyğun lisenziya almalıdır:

"Ölkəmizdə mövcud olan reabilitasiya mərkəzləri psixoloji yardım müəssisəsi kimi fəaliyyət göstərir. Burada tibbi müdaxilə olmadan, insanlara yalnız psixoloji yardım edilə bilər. Həmin müəssisələr tibbi fəaliyyət göstərmək üçün lisenziyalaşdırılmalıdır".

Onun fikrincə, narkotik vasitə istifadəçilərinin reabilitasiyasında klinik psixoloqun iştirak etməsi faydalı olar:

"Ancaq ölkəmizdə mövcud özəl reabilitasiya mərkəzləri tibb müəssisəsi hesab olunmur. Deməli, burada klinik psixoloq fəaliyyəti qanunaziddir. Bundan başqa, psixoloji yardım göstərən şəxslər də müvafiq tələblərə cavab verməlidir. Narkoloji müalicədə xəstə de-toksikasiya edilir, yəni, orqanizm, o cümlədən damarlar bir sıra vasitələrlə yuyulub təmizlənir. Bu, tibbi müdaxilədir. Hətta kənardan həkim dəvət edilsə belə, reabilitasiya mərkəzi bunu etmək üçün tibb müəssisəsi kimi qanunvericiliyə uyğun lisenziya almalıdır".

P. Vəliyevanın sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən ayrıca özəl narkoloji müalicə müəssisəsi yoxdur. Əgər hansısa sahibkar "özəl" adı altında belə müəssisə açıbsa, onun fəaliyyətinə nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir:

"Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzi və bir çox rayonlarda narkoloji dispanserlər fəaliyyət göstərir. Ölkəmizdə ayrıca özəl narkoloji müalicə müəssisələri yoxdur. Bir neçə özəl tibb müəssisəsi 2016-2019-cu illərdə özəl narkoloji fəaliyyət üçün qanunvericiliyə uyğun şəkildə, lisenziya əldə etmişdi. Hazırda həmin müəssisələrdən ikisi fəaliyyət göstərmir, bir neçəsi yalnız laboratoriya fəaliyyəti ilə məşğuldur, təkcə bir müəssisədir ki, narkoloji və psixiatrik fəaliyyət göstərir, lakin reabilitasiya xidmətləri həyata keçirmir. Belə mərkəzlərdə tibbi müdaxilə əsasında insanlara dəymiş ziyan müvafiq qanunvericiliyin tələblərinə əsasən, cinayət və ya inzibati məsuliyyət yaradır".

Psixoloq, psixoterapevt Elmir Əkbər "Report"a açıqlamasında bildirib ki, narkotik asıllığı, mərc oyunlarından asıllıq, içki asıllığı bunlar xəstəlikdir, bununla mütəxəssis məşğul olmalıdır:

"Amma bir çox yerlərdə qeyri-peşəkar insanlar fəaliyyət göstərir. Onlar pasiyenti "12 addım" proqramı ilə müalicə etdiklərini iddia edirlər. Bu isə xristian dininin buyurduğu bir üsul, inancdır. O tamamilə pulsuz, Allah yolunda tətbiq edilməlidir. Əks təqdirdə öz effektini göstərməyəcək. Əhali bilməlidir ki, xəstəliyin müalicəsi ilə müvafiq mütəxəssislər protokollarla məşğul olmalıdır".

Psixoloq qeyd edib ki, Azərbaycandakı qanunvericiliyə əsasən, şizofreniyadan tutmuş, narkotik, içki, qumar və s. asılılıqlar ancaq könüllülük prinsipi üzrə müalicə edilə bilər:

"Yəni ı̇nsan özü könüllü şəkildə bunu istəməlidir. Dünya praktikasında da bu belədir ki, proses pasiyentin özünün istəyi və icazəsi ilə icra edilməlidir. Məcburi müalicə ancaq ağır cinayət törətmiş xüsusi psixi xəstəlikləri olan insanlara aid edilə bilər. Əgər sadəcə narkotik asılılığı olan bir pasiyent reabilitasiya mərkəzindən qaçırsa, onu məcburi şəkildə orada tutmaq birbaşa hüquqlarının pozulmağı deməkdir".

E.Əkbər psixologiyada məxfiliyin qorunmasının ən önəmli məqamlardan biri olduğunu deyib:

"Məxfiliyin qoruna bilməməsi böyük qeyri-peşəkarlıqdır. Anonimliyin pozulması insanların imicinin korlanmasına səbəb olaraq gələcəyini riskə atır. Onsuz da müxtəlif aslılıqlardan əziyyət çəkən insanlar üçün həyat yetərincə çətindir. Bir yandan da onların hüquqlarını pozmaqla həmin şəxslərə zərbə vurmaq olmaz".

Hüquqşünas Sahib Məmmədov "Report"a açıqlamasında qeyd edib ki, pasiyentlərin sözügedən mərkəzlərdə məhkəmə qərarı və öz razılığı olmadan saxlanılması azadlıq hüququnun pozulması kimi qiymətləndirilir:

"Mərkəzlərə ya şəxs özü, yaxud qəyyumları könüllü müraciət etməlidir, ya da məhkəmə qərarı ilə onu ora yerləşdirirlər. Bu zaman onlarla mütləq müqavilə bağlanmalıdır. Bununla yanaşı, tibbi fəaliyyət üçün də tibb müəssisələri ilə müqavilə bağlanmağı zəruridir. Həkimi, yaxud təcili tibbi yardımı həmin müqavilə əsasında mərkəzə dəvət edə bilərlər. Özəl mərkəzlər həm kommersiya, həm də qeyri-kommersiya reablitasiya mərkəzləri ola bilər. Bunun heç bir fərqi yoxdur. İstənilən halda oradakı pasiyentlər ya məhkəmənin qərarı ilə, ya da könüllü sürətdə mərkəzdə müalicə oluna bilər. Hər bir halda, tibbi müdaxilələr yalnız qanuna uyğun şəkildə aparılmalıdır".

Hüquqşünas onu da qeyd edib ki, sözügedən mərkəzlərdə anonimliyin qorunması da müqavilə əsasında təyin edilir:

"Əgər müqavilədə məxfilik məsələləri nəzərdə tutulubsa, pasiyentin açıq sifətinin, adının, soyadının təqdim edilməsi birbaşa qanun pozuntusu sayılır. Şəxs ona dəymiş zərərlə bağlı mülkü iddia qaldıra bilər. Pasiyent könüllü olaraq buna razıdırsa, o zaman heç bir problem yoxdur".

Sosioloq, sosial psixoloq Naib Niftəliyev "Report"a fikirlərini bildirərkən deyib ki, belə mövzuların, hətta reklam məqsədilə belə olsa, mümkün qədər ictimailəşdirilməməsi daha doğrudur:

"Əgər bir şəxsin narkotik asılılığı varsa və o, hər hansı cinayət törətməyibsə, sadəcə istifadəçi statusundadırsa, bu fakt avtomatik olaraq geniş şəkildə açıqlanmamalıdır. Belə hallarda hüquq-mühafizə orqanları məsələ barədə məlumatlı olur və həmin şəxsi müvafiq xidmətlərə yönləndirir. Xüsusi zərurət olmadığı təqdirdə, hüquq-mühafizə orqanları da məxfilik prinsipinə riayət edir. Bəzən reklamlarda görünən şəxslərin real pasiyentlər yox, sadəcə aktyorlar olması ehtimalı da var, yaxud əksinə, həmin şəxslər birbaşa özləri ola bilər. Hər bir halda bu mövzuların, hətta reklam məqsədilə belə olsa, mümkün qədər ictimailəşdirilməməsi daha doğru yanaşma olardı".

Bütün bu mütəxəssis rəylərindən aydın olur ki, bu ölkədə reabilitasiya var, amma ünvanı yoxdur. Ünvanı bəlli olan reabilitasiya mərkəzlərinin fəaliyyətində isə hələ də ciddi hüquqi boşluqlar mövcuddur. İctimaiyyət üçün müəmmalı olan mərkəzlərdə həm tibbi, həm də psixoloji müdaxilələrin standartları qeyri-müəyyəndir və hər hansı səlahiyyətli qurumun davamlı nəzarəti yoxdur.

Qısacası, bu gün sistemsizlik və qeyri-şəffaflıq içində, reabilitasiya mərkəzləri "qaçış" xəbərləri ilə gündəmə gəlir. Hüquqi baxımdan hər şey qaydasında görünür, praktikada isə yetərincə boşluqlar mövcuddur. Bu boşluğun içində ən həssas qrup - müalicə almaq istəyən insanlar qalır. Nə qaydalar aydındır, nə məsul qurum, nə də cavab verən var. Reabilitasiya mərkəzlərinin fəaliyyəti bu şəkildə davam edərsə, problem asılılıqdan çox, nəzarətsizliyin özü olacaq.

Xəbər lenti