Etiraf edin, paltarları paltaryuyan maşından çıxaran kimi dərhal qapını bağlayırsınız? Əgər belədirsə, bir müddət sonra maşından niyə ağır, rütubətli qoxu gəldiyinə təəccüblənməyin. Təcrübəli evdar qadınlar qapını açıq saxlamağı tövsiyə edirlər. Çünki nəmişlik və isti hava kiçik, qapalı mühitdə kif və xoşagəlməz qoxuların yaranması üçün ideal şərait yaradır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, paltaryuyan maşının vaxtaşırı özünü təmizləmə rejimindən istifadə etmək də vacibdir bu, cihazın xidmət müddətini uzadır.
Bu tövsiyəyə əməl etsəniz, maşın yuyulmalar arasında tam quruyacaq. Əks halda, içəridə nəmişlik qalacaq və kif, göbələk və bakteriyalar daimi “sakinlərə” çevriləcək. Nəticədə paltarlarınız pis qoxacaq. Zamanla maşının daxili hissələrində paslanma və korroziya yarana bilər. Bu vəziyyət otaqdakı havanın keyfiyyətinə də mənfi təsir göstərir və allergiya, dəri qıcıqlanması və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Yuma bitdikdən sonra qapını cəmi bir neçə santimetr açıq saxlamaq kifayətdir. Bu, havanın dövran etməsi və maşının quruması üçün yetərlidir. Mütəxəssislər həmçinin yuyucu vasitə üçün nəzərdə tutulan dozatoru da bir neçə saat açıq saxlamağı məsləhət görürlər ki, orada da nəmişlik yığılmasın. Əlavə olaraq, güzgüləri yumaq üçün sadə və effektiv bir üsulla tanış olmağı tövsiyə edirik. Bu üsul üçün sadəcə qəhvə filtrləri lazımdır. Təəccüblüdür, amma bu şəkildə güzgülərdə nə ləkə qalır, nə də parça tükləri görünür.
Ev paltaryuyan maşın