Azərbaycan I Dəstəsinin qalib olan Ümid Aslanov reytinqini yüksəltmək və dünyanın ən yaxşı 100 şahmatçısı sırasına düşmək istəyir.
O, bu barədə "Report"a açıqlama verib.
19 yaşlı idmançı turnirlə bağlı təəssüratlarının yaxşı olduğunu bildirib:
"Birinci dəstənin qalibi olduğum üçün sevinirəm. Azərbaycan çempionatında əsas yarışa vəsiqə qazanmışam. 2025-ci ildə və ondan əvvəlki ildə də bu turnirə qatılmışdım. Bu dəfə I Dəstədə birinci yeri tutmaq nəsib oldu".
Ü.Aslanov sözügedən yarışda reytinqdə üçüncü şahmatçı olduğunu vurğulayıb:
"Rəvan Əliyev, Rüstəm Rüstəmov və Kənan Qarayev kimi təcrübəli şahmatçılar da burada iştirak edirdilər. Onların arasında birinci yerə çıxmaq yaxşı nəticədir. Turnir gərgin mübarizə şəraitində keçdi. Son turda Şəmsi Qaraxanovla heç-heçə etdim. Dördüncü əmsala görə birinci yerə çıxdım. Yarış ərzində uduzmadım, beş qələbə və 4 heç-heçəyə nail oldum. Rəvan Əliyev də mənim kimi 7 xal toplasa da, əlavə əmsala görə birinci yeri tuta bildim. İlk turlardan maraqlı oyunlara şahidlik etdik. Sonuncu turda uduza da bilərdim, vəziyyətim pis idi. Sonradan durumu yaxşılaşdırmağı bacardım".
Şahmatçı əsas çempionatında hədəfinin növbəti mərhələyə vəsiqə qazanmaq olduğunu sözlərinə əlavə edib:
"Burada məğlub olan mübarizəni dayandıracaq. Hər şey ilk rəqibdən asılıdır. İstənilən halda, mənim üçün kimlə üz-üzə gəlməyin fərqi yoxdur. Öz oyunumu oynayıb qələbələr qazanmağa çalışacağam. Fevralda isə Monteneqroda 20 yaşadək şahmatçılar arasında dünya çempionatı baş tutacaq. Orada iştirak etmək və mükafatçılar sırasına düşməyi hədəfləyirəm".
Ü.Aslanov karyerası ilə bağlı planlarını da bölüşüb:
"Əsas hədəfim bütün şahmatçıların arzuladığı qrossmeyster olmaqdır. İlk növbədə beynəlxalq usta normativini yerinə yetirməliyəm. Sonra isə qrossmeyster dərəcəsinə yiyələnmək niyyətindəyəm. Yavaş-yavaş reytinqimi yüksəltmək və dünyanın ən yaxşı 100 şahmatçısı sırasına düşmək istəyirəm".