IMG-LOGO

Azərbaycan Basketbol Federasiyası "Sabah" - "Abşeron Lions" oyununun hakimlərini cəzalandıracaq

22 Dec 2025 15:56 3 baxış
IMG

Azərbaycan Basketbol Federasiyası (ABF) "Sabah" - "Abşeron Lions" oyununun hakimlərini cəzalandıracaq.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

ABF Azərbaycan Basketbol Liqasının X turunda baş tutmuş matçda yaşananlara aydınlıq gətirib:

"Azərbaycan Basketbol Liqasının oyunları üç hakim sistemi ilə idarə olunur. Lakin sözügedən qarşılaşmada olduğu kimi "fors-major" hallarda FIBA qaydalarına əsasən (FIBA qaydaları 45-ci maddə) oyunun iki hakimlə başlanmasına, üçüncü hakimin oyuna sonradan qoşulmasına və ya görüşün iki hakimlə tamamlanmasına heç bir maneə yoxdur. Bu səbəbdən müvafiq oyunda yaranmış "fors-major" vəziyyətlə əlaqədar olaraq, oyunun iki hakimlə başlaması hər iki kluba təklif olunmuş və daha sonra klubların qarşılıqlı razılığı əsasında qarşılaşma iki hakimlə başlamış, birinci periodun gedişində üçüncü hakimin oyuna qoşulması ilə görüş üç hakim sistemi ilə davam etdirilərək başa çatdırılmışdır".

Bildirilib ki, oyunla bağlı qeydə alınan digər məsələ hakimlərin idarəçiliyi ilə əlaqədar olub.

"Aparılan ətraflı təhlil nəticəsində qarşılaşma ərzində hər iki komandanın lehinə və əleyhinə həm ciddi, həm də xırda hakim səhvlərinin olduğu müəyyən edilib. Bununla belə, bu səhvlərin görüşün yekun nəticəsinə birbaşa təsir göstərmədiyi qənaətinə gəlinib. Buna baxmayaraq, sözügedən oyunu idarə edən hakimlər barəsində intizam tədbirlərinin görülməsi və oyun cəzasının tətbiq edilməsi qərara alınıb".

Qeyd edək ki, son ölkə çempionu "Sabah" sözügedən matçda "Abşeron Lions"a 97:101 hesabı ilə uduzub.

Xəbər lenti