Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) norveçli məşqçi Maqnus Brevik və onun köməkçiləri Tomas Lobbenlə Adrian Livelteni 1,5 illik diskvalifikasiya edib.
"Report" xəbər verir ki, bu barədə FIS-in mətbuat xidməti məlumat yayıb.
Qərar Tronheymdəki dünya çempionatında geyim dəstləri ilə qanunsuz manipulyasiya aparılması iddiaları ilə əlaqədardır.
Daha əvvəl təşkilat eyni əsaslarla norveçli tramplindən tullanma ustaları, olimpiya çempionları Marius Lindvik və Yohann Andre Forfanqı da müvəqqəti olaraq yarışlardan uzaqlaşdırmışdı. M.Lindvik, Y.A.Forfanq və ikinövçülük ustası Yorqen Qrobak aerodinamik xüsusiyyətləri yaxşılaşdırmaq üçün kostyumlarına bərkidilmiş saplara görə ev sahibliyi etdikləri dünya çempionatından diskvalifikasiya olunublar.
Cəza 2025-ci ilin martından tətbiq edilən müvəqqəti kənarlaşdırma müddəti çıxılmaqla 18 ayı əhatə edəcək. Həmçinin M.Brevik, T.Lobben və A.Liveltenin hər biri 5 min İsveçrə frankı məbləğində cərimələniblər.
Norveç Xizək İdmanı Növləri Federasiyasının tramplindən tullanma şöbəsinin direktoru Yan-Erik Albu məsuliyyəti öz üzərinə götürüb.