Azərbaycan bu gün qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısı olmaqla yanaşı, beynəlxalq yaşıl enerji gündəminin formalaşmasında da ön sıralarda dayanır.
"Report"un Türkiyə bürosunun məlumatına görə, bunu "Beynəlxalq Qara dəniz Rizə Ayder Forumu"nda çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan "Yaşıl Dünya Naminə Həmrəylik" prinsipini real dövlət siyasətinə çevirərək işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuru, eyni zamanda Naxçıvan Muxtar Respublikasını rəsmi şəkildə "Yaşıl Enerji Zonası" elan edib. Bu ərazilərdə günəş, külək və hidroenerji potensialının mərhələli şəkildə reallaşdırılması ölkəmizin yaşıl keçid strategiyasının artıq praktiki nəticələr verdiyini nümayiş etdirir".
Komitə sədri vurğulayıb ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda günəş, külək və hidroenerji layihələri icra olunur. O qeyd edib ki, bu layihələr daxili tələbatın yaşıl mənbələr hesabına ödənilməsi ilə yanaşı, regional və Avropa bazarlarına yaşıl enerji ixracı üçün möhkəm əsas yaradır:
"Məhz bu yanaşma Azərbaycanı təkcə enerji istehsalçısı yox, eyni zamanda yaşıl enerjinin ixracatçısı və tranzit mərkəzinə çevirir".
Deputat bəyan edib ki, Azərbaycan və Türkiyə arasında formalaşmış enerji tərəfdaşlığı bu gün Avropanın enerji təhlükəsizliyinin strateji onurğa sütunlarından biridir.