Alimlər insanların niyə hər əlində və ayağında məhz beş barmağa sahib olmasının səbəblərini izah ediblər. İlk baxışdan cavab sadə görünür: bu, təkamülün nəticəsidir. Lakin barmaqların necə və haradan yarandığı sualı daha mürəkkəbdir. Mütəxəssislərin sözlərinə görə, bu xüsusiyyətin kökü insanın balıqabənzər əcdadlarına gedib çıxır.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rutgers Universitynin tədqiqatçısı Tetsuya Nakamura məlumat verib.
Alimlərin bildirdiyinə görə, bütün dördayaqlı onurğalı heyvanlar, amfibiyalar, sürünənlər, quşlar və məməlilər ortaq balıqabənzər əcdaddan təkamül ediblər. Nakamura qeyd edir ki, insanlar da daxil olmaqla bütün onurğalıların ən qədim əcdadları balıqlar olub.
Balıqlar ilk dəfə Yer tarixinin Devon dövründə, təxminən 360 milyon il əvvəl quruda hərəkət etmək üçün ətraflar formalaşdırmağa başlayıblar. Sonradan ortaya çıxan ilk dördayaqlı canlıların hər ətrafında səkkizə qədər barmaq olduğu müəyyən edilib. Lakin zaman keçdikcə bu canlılar artıq barmaqlardan “imtina edib” və nəticədə beşbarmaqlı quruluş sabit xüsusiyyətə çevrilib.
Bu beşbarmaqlı quruluş erkən dördayaqlıların genetik sisteminə Hox genlərinə kodlaşdırılıb. Hox genləri bədənin hissələrinin, orqanların və ətrafların düzgün yerləşməsini təmin edən “genetik plan” rolunu oynayır.
Mütəxəssislər qeyd edirlər ki, hazırda yaşayan bütün onurğalıların hamısında açıq şəkildə beş barmaq görünməsə də, dördayaqlı onurğalıların 99 faizindən çoxu eyni beşbarmaqlı sümük quruluşuna malikdir. Məsələn, dəniz şirləri, balinalar və suitilərin üzgəclərinin daxilində beş barmaqabənzər sümük mövcuddur. Hətta at və quş embrionları inkişafın ilkin mərhələsində qısa müddət ərzində beş barmaqla formalaşır.
Yalnız 2016-cı ildə Nakamura və onun həmkarları balıq üzgəclərinin şüalarının dördayaqlı heyvanların barmaqlarına necə çevrildiyini müəyyən edə biliblər. Tədqiqat zamanı alimlər akvariumlarda geniş yayılmış kiçik şüaüzgəcli balıqlardan istifadə ediblər. Onlar CRISPR-Cas gen redaktə üsulu ilə balıqların DNT-sində dəyişiklik apararaq ətrafların inkişafı üçün vacib olan Hox genlərini çıxarıblar.
Daha sonra bu dəyişdirilmiş balıqların embrional hüceyrələri siçan embrionlarının hüceyrələri ilə müqayisə edilib. Nəticədə alimlər balıq üzgəclərinin şüaları ilə insan barmaqları arasında birbaşa genetik əlaqə olduğunu aşkar ediblər.
Araşdırma göstərib ki, insan barmaqları və balıq üzgəclərinin şüaları inkişaf zamanı eyni Hox genlərindən və eyni funksional mexanizmlərdən istifadə edir. Başqa sözlə, insan barmaqları və balıq üzgəcləri eyni genetik əsasdan yaranıb.
Bununla belə, alimlər vurğulayırlar ki, insanlarda əl və ayaq barmaqlarının necə tam formalaşması ilə bağlı hələ də çoxlu cavabsız suallar mövcuddur. Balıq üzgəclərinin şüalarının barmaqlara necə çevrildiyi və bu prosesi hansı genlərin idarə etdiyi tam aydın deyil.
Nakamuranın sözlərinə görə, insanların niyə məhz beş barmağa sahib olması sualı isə hələ də elmi baxımdan açıq qalır.
əl və ayaq barmaq