IMG-LOGO

İrəvanın etiraf anı - "hərbi əsir" mifinin sonu və Azərbaycanın yaratdığı reallığın qəbulu - ŞƏRH

14 Jan 2026 15:32 3 baxış
IMG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hesab edir ki, hərbi əsirlər məsələsi "qismən" sülh gündəliyinə uyğun gəlmir. Onun sözlərinə görə, Bakıda saxlanılan erməniəsilli şəxslərlə bağlı məsələ hazırda formalaşmaqda olan sülh meyilləri ilə tam uzlaşmır: "Biz ABŞ dövlət katibi Marko Rubio ilə hazırda sülhə doğru formalaşan tendensiyalarla qismən uyğun gəlməyən mümkün maneələri müzakirə etdik və əlbəttə ki, Azərbaycanda saxlanılan şəxslər məsələsi də belə mövzulardan biridir", - deyə Mirzoyan bildirib və "hərbi əsir" ifadəsindən məqsədli şəkildə yayınıb.

Ermənistanın XİN başçısının bu açıqlaması rəsmi İrəvanın, xüsusən də post-müharibə dövründə apardığı ziddiyyətli və reallıqdan uzaq siyasətdə mühüm psixoloji və siyasi dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Çünki Ermənistan açıq şəkildə bildirir ki, Bakıda saxlanılan erməniəsilli cinayətkarlar sülh danışıqlarının predmeti deyil. Bu, dolayı formada da olsa, erməni rəhbərliyinin ilk etirafıdır və regiondakı reallığı dərk etdiyinin, sözügedən cinayətkarların əslində, sırf Azərbaycanın daxili işi olduğunu qəbul etdiyinin ilk dəfə rəsmi şəkildə dilə gətirməsidir. Yəni, bu açıqlama ilk baxışdan diplomatik ifadə kimi görünsə də, mahiyyət etibarilə Ermənistanın mövcud siyasi-hüquqi reallığı qəbul etməyə başladığının göstəricisidir. Bu vaxta qədər hər dəfə bu bəhanə arxasına sığınan, sülh danışıqlarını mənasız və yorucu məzmunlara qərq edən, əsasən də daxili auditoriya üçün urapatriotizm şüarlarından ibarət "erməni hərbi əsir" məsələsi artıq tarixə qovuşmuş sayılır. Mirzoyan artıq etiraf edir ki, bu mövzu bir daha sülh danışıqlarında səsləndirilməyəcək. Çünki vaxt gedir və rəsmi İrəvan dərk edir ki, sülhdən uzaq qalınan hər gün Ermənistanın əleyhinə işləyir.

Xüsusi diqqət çəkən məqamlardan biri də Ararat Mirzoyanın çıxışında "hərbi əsir" ifadəsindən bilərəkdən istifadə etməməsidir. Bu detal təsadüfi deyil və sadəcə diplomatik ehtiyatla izah oluna bilməz. Əslində, bu yanaşma Ermənistan tərəfinin mövcud hüquqi reallığı və beynəlxalq hüququn aliliyini, onun Azərbaycanın tərəfində olduğunu artıq dərk etdiyini göstərir. Çünki sözügedən şəxslər uzun illər Azərbaycanın beynəlxalq hüquqla ayrılmaz bir hissəsi sayılan Qarabağ və ətraf rayonlarında separatçılıq, diversiya, terror kimi fəaliyyətlərdə olublar. Eyni zamanda saxlanılma zamanı da bu xarakterli fəaliyyətlərə görə iş başında saxlanılıblar. Buna görə də beynəlxalq hüquqa görə onlar Azərbaycan qanunları ilə mühakimə olunurlar və beynəlxalq hüquqda "hərbi əsir" statusu yoxdur. Bundan əlavə, terror və separatçılığı müdafiə etmək özü də beynəlxalq nizamda absurd və dövlətin nüfuzunu aşağı salan bir vəziyyətdir. Ermənistan gec də olsa, bu reallığı dərk edib. Mirzoyanın bu termini işlətməkdən yayınması isə Azərbaycanın müharibədən sonra ortaya qoyduğu hüquqi mövqenin artıq inkar edilə bilmədiyini və faktiki olaraq qəbul olunduğunu açıq şəkildə göstərir.

Mirzoyanın bu məsələni "sülhə doğru formalaşan tendensiyalarla tam uzlaşmayan amil" kimi təqdim etməsi əslində Ermənistanın uzun illər inkar etdiyi bir həqiqəti etiraf etməsi deməkdir. Rəsmi İrəvan artıq anlayır ki, Bakıda saxlanılan şəxslərin taleyi sülh müqaviləsinin mövzusu deyil və bu məsələ danışıqlar masasında alver predmetinə çevrilə bilməz. Söhbət Azərbaycanın suveren hüquqları və daxili qanunvericiliyi çərçivəsində baxılan konkret hüquqi prosesdən gedir. Ermənistanın illər boyu bu mövzunu beynəlxalq platformalarda təzyiq vasitəsi kimi istifadə etmək cəhdləri isə faktiki olaraq iflasa uğrayıb. Nə beynəlxalq vasitəçilər, nə də regional güc balansı bu yanaşmanı artıq ciddiyə almır. Rəsmi İrəvan mövcud geosiyasi reallıq qarşısında anlayır ki, süni gündəmlər sülh prosesini irəli aparmır, əksinə, Ermənistanın özünü regional proseslərdən kənarda qoyur. Məhz buna görə də bu mövzunun tədricən sülh diskursundan çıxarılması İrəvanın istəyi deyil, qəbul etməyə məcbur qaldığı yeni regional reallığın nəticəsidir.

Bu yanaşma sülh prosesinə birbaşa və qəti təsir göstərir. Ermənistanın uzun illər manipulyativ gündəmlər, emosional təzyiq və süni məsələlər üzərində qurduğu strategiyadan tədricən geri çəkilməsi danışıqların məzmununu daha real və konkret mövzulara yönəldir. Artıq diqqət mərkəzində Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, strateji nəqliyyat və kommunikasiya xətlərinin açılması, qarşılıqlı ticarət, bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi, eləcə də qarşılıqlı şəkildə ərazi bütövlüyünün və suverenliyin tanınması kimi fundamental məsələlər dayanır. Bu da öz növbəsində sülh prosesinin sadəcə simvolik və ya formal xarakter daşımadığını göstərir. Yəni, regionda yeni hüquqi və siyasi reallıqların möhkəmlənməsi, davamlı sabitliyin və regional əməkdaşlığın qurulması üçün əsaslı zəmindir.

Maraqlıdır ki, Ararat Mirzoyanın bu açıqlamasına paralel olaraq, Baş nazir Nikol Paşinyan da fikir səsləndirib. Paşinyanın "Ermənistan ətrafındakı vəziyyət mövcud olduğu bütün tarixdə heç vaxt bu qədər sabit olmayıb" fikri də xüsusi əhəmiyyət kəsb edir. İlk baxışdan bu açıqlamanı seçki ərəfəsində daxili auditoriyaya hesablanmış mesaj kimi qəbul etmək olar. Amma əslində Baş nazirin açıqlaması regional reallığın açıq şəkildə etirafıdır və bu, istər Qərbə, istər Rusiyaya, istərsə də digər aktorlara ismarış kimi də dəyərlənidirilməlidir. Bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinin artıq daha da irəlilədiyini, geridönülməz bir yola qədəm qoyduğunu, bunun da regionun inkişafına və sabitliyinə xüsusi təsiri olduğunu ortaya qoyur. Paşinyan faktiki olaraq qəbul edir ki, onilliklər boyu Ermənistanın təhlükəsizlik mühitini qeyri-sabit saxlayan münaqişə mərhələsi artıq geridə qalıb və bu sabitlik məhz Azərbaycanın yaratdığı yeni regional status-kvonun nəticəsidir. Paşinyanın bu fikri eyni zamanda Ermənistanın sülhə inamının artdığını da göstərir. Ermənistan rəhbərliyi anlayır ki, bölgədə müharibə riski azalıbsa, bu, revanşist çağırışların deyil, Azərbaycanın hərbi-siyasi qələbə ilə formalaşdırdığı balansın nəticəsidir. Bu balans Ermənistanı ilk dəfə olaraq emosional təhlükə hissindən uzaqlaşdıraraq rasional seçim qarşısında qoyur: ya yeni reallığı qəbul edib sülhə inteqrasiya olunmaq, ya da regional proseslərdən kənarda qalmaq. Bu gün həm XİN başçısının, həm də Baş nazirin açıqlamaları göstərir ki, Ermənistan reallığı qəbul edib sülhə inteqrasiya yolunu üstün tutur.

Qısacası, artıq Ermənistan gec də olsa, post-müharibə reallığını qəbul etməyə başladığını açıq şəkildə göstərir. Erməni hökuməti dərk edir ki, Bakıda saxlanılan şəxslərlə bağlı məsələ Azərbaycanın daxili işidir və bu mövzunun siyasi alver predmetinə çevrilməsi mümkün deyil. Eyni zamanda rəsmi İrəvan etiraf edir ki, regionda yaranmış sabitlik Azərbaycanın yaratdığı yeni reallığın məhsuludur. Əgər bu yanaşma ardıcıl və səmimi şəkildə davam etdirilərsə, Cənubi Qafqazda real, dayanıqlı və uzunmüddətli sülh üçün daha möhkəm zəmin formalaşa bilər.

Kamil Məmmədov

Xəbər lenti