IMG-LOGO

Baş prokuror: Ötən il keçirilən tədbirlər Azərbaycanın suverenliyinin möhkəmləndirildiyini nümayiş etdirir

13 Jan 2026 10:59 4 baxış
IMG

Azərbaycanda 2025-ci il ərzində həyata keçirilən tədbirlər ölkənin suverenliyinin real və dayanıqlı əsaslar üzərində möhkəmləndirildiyini nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.

O bildirib ki, 2025-ci ilin iyul ayında Xankəndi şəhərində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən III Şuşa Qlobal Media Forumu azad olunmuş ərazilərin beynəlxalq ictimaiyyətə açıq dialoq və həqiqət məkanına çevrildiyini göstərib:

"Bu forum Azərbaycan həqiqətlərinin dünya mediasına birbaşa çatdırılması, informasiya təhlükəsizliyi və qlobal çağırışların müzakirəsi baxımından mühüm platforma rolunu oynadı. Eyni zamanda sentyabr ayında Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüş və dövlət başçımızın BMT Baş Assambleyasının 80-ci sessiyasında səsləndirdiyi mövqelər Azərbaycanın çoxtərəfli diplomatiyada artan çəkisini, regional və qlobal məsələlərdə söz sahibi olan dövlət kimi qəbul edildiyini aydın şəkildə ortaya qoydu".

Kamran Əliyev qeyd edib ki, bu sadalananlar Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, müstəqil və prinsipial xarici siyasət kursunun nəticəsidir:

"Lakin dövlətimizin gücü yalnız beynəlxalq arenada qazandığı mövqelərlə ölçülmür. Əsl güc ölkə daxilində sabitliyin, təhlükəsizliyin, sosial rifahın və hüquqi dövlət prinsiplərinin təmin olunmasında özünü göstərir. Məhz bu baxımdan, 2025-ci il ərzində həyata keçirilən tədbirlər Azərbaycanın suverenliyinin real və dayanıqlı əsaslar üzərində möhkəmləndirildiyini nümayiş etdirir".

Xəbər lenti