IMG-LOGO

Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

12 Jan 2026 17:28 4 baxış
IMG

Bu il Aşqabadda Türkmənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti - 9-cu iclası keçiriləcək.

"Report"un Türkmənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, bu, ölkənin XİN başçısı Rəşid Meredovun Azərbaycanın Aşqabaddakı səfiri Qismət Gözəlovla görüşü zamanı məlum olub.

Tərəflər Türkmənistan-Azərbaycan əlaqələrinin siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdəki aktual istiqamətlərini müzakirə ediblər. Ən ali və yüksək səviyyəli səfərlərin, habelə iki ölkənin liderləri və nümayəndələrinin görüşlərinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib.

"Diplomatlar cari il üçün planlaşdırılan tədbirləri, o cümlədən Aşqabadda keçirilməsi nəzərdə tutulan Türkmənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıqları müzakirə ediblər", - məlumatda bildirilib.

Mədəni-humanitar əlaqələrin inkişafına xüsusi diqqət yetirilib. Bu il Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.

Tərəflər, həmçinin atçılıq sənəti və atçılıq idmanı sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Xatırladaq ki, Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının 8-ci iclası 2025-ci il iyulun 28-də Bakıda keçirilib.

Xəbər lenti