IMG-LOGO

ABŞ-İran qarşıdurması – gərginlik regional və qlobal böhrana çevrilə bilər - ŞƏRH

12 Jan 2026 12:36 5 baxış
IMG

İranda bir müddət əvvəl başlayan etirazlar artıq geniş vüsət almağa başlayıb. Yüksək inflyasiya, işsizlik və dövlətin sərt iqtisadi siyasətinə qarşı başlayan etirazlar artıq siyasi motivlərlə müşayiət olunur. Hadisələrin ilk günündən rəsmi Vaşinqton, İsrail və digər region ölkələri baş verənləri diqqətlə izləyir. ABŞ Prezidenti Donald Trampın artıq bir neçə dəfə hərbi və sərt müdaxilə ilə bağlı dedikləri rəsmi Tehranda ciddi narazılığa və etiraza da səbəb olub. Bununla belə, okeanın o tayından gələn xəbərlər, ABŞ administrasiyasının hərbi müdaxilə variantını hələ də masada saxladığını göstərir. ABŞ üçün bu hadisələr yalnız insan haqları problemi deyil, həm də regional təsir və strateji maraqlar baxımından önəmlidir. İranın sabitliyinin pozulması, həm regional tərəfdaşlara, həm də ABŞ-nin strateji planlarına birbaşa təsir göstərə bilər.

Dünən axşam isə məlum olub ki, Tramp genişmiqyaslı brifinq keçirməyə hazırlaşır. Məlumata görə, bu iclasda dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset iştirak edəcəklər. Bu brifinq sadəcə diplomatik reaksiyaları deyil, həmçinin daha sərt tədbirləri, o cümlədən kiberhücum və hərbi əməliyyat variantlarını da müzakirə etmək üçün nəzərdə tutulub. Brifinqin məqsədi ABŞ-nin İran qarşısında strateji mövqeyini və mümkün ssenariləri qiymətləndirmək, həmçinin müxtəlif dövlət qurumları arasında koordinasiyanı gücləndirməkdir. Bu, həm ABŞ daxilində qərar mexanizminin sürətlənməsinə, həm də beynəlxalq ictimaiyyətə mesaj verməyə xidmət edir. Göründüyü kimi, ABŞ əslində bir neçə variantı nəzərdən keçirir. Təbii ki, Vaşinqton üçün ən az risk daşıyan və çox tez-tez baş vurulan variant iqtisadi sanksiyalar və diplomatik təzyiqdir. Ştatlar bu yolla İslam Respublikasının maliyyə, enerji və ticarət sektorlarına təzyiq edə və onsuz da zəif olan ölkə iqtisadiyyatını daha çətin duruma sala bilər. Belə bir ehtimal qarşısında rəsmi Tehran daha sərt tədbirlərə əl ata bilər və etirazçılarla hökumət arasındakı qarşıdurmanı daha ciddi nəticələrə daşıya bilər. Bu isə həm vəziyyəti qəlizləşdirər, həm də İranın ABŞ-nin Yaxın Şərq regionundakı hərbi birlik və diplomatik korpuslarına hücumlarını başlada bilər.

Nəzərdən keçiriləcək ikinci versiya kiberhücumlarla bağlıdır. Artıq müasir dünyada istifadə edilən bu üsul bir sıra effektiv nəticələr verə bilər. Məsələn, İranın enerji infrastrukturu, bank sistemi və kommunikasiya şəbəkələri ziyan görər və SEPAH-ın, dövlətin hərəkət imkanları məhdudlaşa bilər. Kiberhücumlar enerji hasilatı və neft ixracatını gecikdirə, maliyyə sistemində xaotik vəziyyət yarada, dövlət rabitə və informasiya sistemlərini çökdürə bilər. Bu, həm İranın daxili idarəetməsinə, həm də regional strategiyasına ciddi təsir göstərərək. Lakin təbii ki, İran hökuməti də belə ssenariləri nəzərdə saxlayır və mümkün kiberhücumlar zamanı konkret cavablar verə bilər. Ehtimal etmək olar ki, belə bir versiyada rəsmi Tehran ABŞ və müttəfiqlərinə qarşı kiberhücumlar təşkil edə bilər. Bu məsələdə İslam Respublikasının hansı səviyyədə hazır olub-olmadığını söyləmək isə çətindir. Amma Rusiya və Hindistanla (bu iki ölkə İranla müttəfiqdir və kiber sahədə ciddi uğurlara imza atıblar) əlaqələri nəzərə alsaq, çox güman ki, kiberhücumlar üçün müəyyən qruplar aktiv şəkildə saxlanılır.

Tramp administrasiyasının nəzərdən keçirə biləcəyi digər versiya isə hərbi müdaxilədir. Birbaşa hərbi əməliyyatlar isə genişmiqyaslı müharibədən daha çox, çəkindirici və simvolik xarakterli məhdud zərbələr formasında gündəmə gələ bilər. Bununla belə, Trampın bu gün səhər saatlarında səsləndirdiyi "İranın bölgədəki ABŞ bazalarına hər hansı hücumu "görünməmiş" zərbələr ilə cavablandırılacaq" açıqlaması da Vaşinqtonun sərt mövqeyindən xəbər verir. Ağ Ev liderinin cavabı təkcə təhdid və diplomatik mesaj yox, Birləşmiş Ştatların sərt mövqeyi, İranı ehtiyatlı davranmağa dəvət etmək və regiondakı müttəfiqlərə "sizə verdiyim təhlükəsizlik öhdəliyinə sadiqəm" mesajı kimi də şərh edilə bilər. Amma İran hakimiyyətinin Trampın bu tip açıqlamalarına yanaşmasını və reaksiyasını nəzərə alsaq, bu tip cavabların Tehranda ritorikanın daha da kəskinkəşməsinə, kiçik hərbi qarşıdurmanın böyük regional böhrana çevrilməsi ehtimalını gücləndirəcəyinə səbəb olacağını ehtimal etmək olar.

İran İslam Respublikası da mümkün hərbi müdaxiləyə müxtəlif ssenarilərlə cavab verəcəyi istisna deyil. İran raket və dronlarla ABŞ-nin hərbi bazalarına və regiondakı müttəfiqlərinə qarşı hədəfli hücumlar həyata keçirə (Tramp məhz bu ssenarini daha real saydığı üçün səhər saatlarında kəskin açıqlama verib), həmçinin tərəfdaş qrupları və müttəfiq təşkilatlar vasitəsilə İraqda, Suriyada və Livanda hərbi fəaliyyətləri intensivləşdirə bilər. Diplomatik və strateji cavablar da gözləniləndir: İran nüvə proqramını sürətləndirə, ticarət və enerji yollarını kəsərək iqtisadi təzyiq göstərməyə cəhd göstərər. Bundan əlavə, İranın cavabları regional qeyri-dövlət aktorları və terror qrupları vasitəsilə qeyri-müntəzəm əməliyyatları genişləndirmək, eləcə də ABŞ-nin müttəfiqlərinə qarşı təhlükəsizlik risklərini artırmaqla xarakterizə oluna bilər. Bu da öz növbəsində ABŞ-nin hərbi əməliyyatını daha mürəkkəb və riskli hala gətirir, qarşıdurmanın sürətlə regional böhrana çevrilmə ehtimalını artırır.

Bu isə təbii ki, regiona ciddi təsirlər göstərə biləcək. Əslində hadisələrin bu məcrada inkişafı ərəb ölkələri və region üçün böyük risk daşıyır. İranın güclənməsini istəməyən və regionda güclü yox, zəif İran istəyən Körfəz ölkələri, bir sıra ərəb dövlətləri və İsrail ABŞ-nin mövqeyini birbaşa və gizli şəkildə dəstəkləyər. Amma nəzərə almaq lazımdır ki, hərbi müdaxilə regional qeyri-sabitliyin artması və silahlı toqquşmaların coğrafiyasının genişlənməsi ilə nəticələnər. Bu sıraya Livan, İraq, Suriya mütləq daxil edilməli, İranın nüfuzlu olduğu regionlarda eskalasiya riskinin artması mümkündür. Həm də nəzərə almaq lazımdır ki, mümkün ssenari terror qruplaşmalarının vəziyyətdən sui-istifadə ehtimalını yaradar ki, bu tip qruplaşmalar fəaliyyət dairələrini və sahələrini genişləndirə bilər. Belə bir durum isə təhlükəsizliyin zəifləməsi, qaçqın axının artması deməkdir.

Eyni zamanda nəzərə almaq lazımdır ki, belə bir ehtimal qlobal enerji bazarına ciddi təsir edər. İranın strateji mövqeyi və Fars körfəzinin enerji bazarındakı ciddi mövqeyini nəzərə alsaq, rəsmi Tehran bu rıçaqdan istifadə edərək, ABŞ və müttəfiqləri, neft ixrac edən ərəb ölkələri üçün ciddi risk yaradar. Belə bir ehtimal isə neft və qaz qiymətlərinin artımına, ticarətin pozulmasına və qlobal enerji təchizatında pozulmalara səbəb ola bilər. Bu isə yalnız region üçün deyil, dünya iqtisadiyyatı üçün də ciddi təsirlər doğuracaq.

Digər bir təzyiq rıçaqı isə nüvə proqramı ilə bağlıdır. Hadisələrin hərbi eskalasiya riskinin artması ilə müşayiət olunması fonunda rəsmi Tehran nüvə fəaliyyətlərini sürətləndirdiyini, beynəlxalq nəzarət mexanizmlərini ölkəyə buraxmayacağını da açıqlaya bilər. Bu, diplomatik təzyiq proqramıdır. Çünki belə bir ehtimal xüsusən də region ölkələri və İsrail üçün ciddi risk daşıyır. Nüvə məsələsində hər hansı yanlış addım çox genişmiqyaslı böhran yarada bilər.

Buradan çıxan nəticə odur ki, İrandakı etirazlar və ABŞ-nin hərbi müdaxilə variant sadəcə iki ölkə arasında gərginlik yaratmır, həm də region ölkələrinə, qlobal ticarət və enerji bazarına da mümkün təsirlər daşıyır. Yuxarıda sadalandığı kimi, hərbi müdaxilə çox ciddi və geridönüşsüz nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də ehtimal etmək olar ki, tərəflər sadəcə sərt mövqe və açıqlama sərgiləyəcək, diplomatik vasitələrlə böhran vəziyyətindən çıxa biləcək. Çünki hər iki tərəf ehtiyatlı davranmasa, qarşıdurma regional və qlobal böhrana çevrilə bilər.

Kamil Məmmədov

Xəbər lenti