Ötən il məhkəmələr açıq məkanda reklam qanunvericiliyinin pozulmasına görə 564 min 500 manat cərimə təyin edib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.
Belə ki, ötən il ADRA "Reklam haqqında" qanunun pozulması ilə bağlı ümumilikdə 364 inzibati xəta haqqında protokol tərtib edərək məhkəmələrə göndərib. Onlardan 279-u ilə bağlı cərimə tətbiq olunması haqqında qərar qəbul edilib.
"2025-ci il ərzində açıq məkanda reklam sahəsində ən çox pozuntu icazəsiz reklam yerləşdirilməsi və nəzarətin həyata keçirilməsi çərçivəsində verilmiş yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsi ilə bağlı olub. Görülən inzibati tədbirlər açıq məkandakı reklamlarla bağlı qanunvericiliyin tələblərinə riayət olunmasına yönəlib", - məlumatda vurğulanıb.