IMG-LOGO

Aİ İrana yeni sanksiyalar tətbiq edə bilər

12 Jan 2026 13:11 4 baxış
IMG

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İran hakimiyyəti tərəfindən etirazların sərt şəkildə yatırılmasına cavab olaraq ölkəyə qarşı əlavə sanksiyalar tətbiq etmək planları olduğunu bəyan edib.

"Report" xəbər verir ki, bu barədə K.Kallas "Politico" nəşrinə bildirib.

"Aİ artıq İrana qarşı geniş sanksiyalar tətbiq edib. Buraya insan haqlarını pozan, nüvə silahı hazırlayan və Rusiyanın Ukraynada müharibəsini dəstəkləyən şəxslərə qarşı sanksiyalar daxildir. Etirazların yatırılmasına cavab olaraq əlavə tədbirlər təklif etməyə hazıram", - K.Kallas vurğulayıb.

Onun sözlərinə görə, İran etiraz hərəkatlarının yatırılmasında böyük təcrübəyə malikdir və hazırda təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı sərt cavab tədbirləri tətbiq edir: "Vətəndaşlar özlərinin seçdiyi gələcək uğrunda mübarizə aparır və səslərinin eşidilməsi üçün hər şeyi riskə atırlar".

Qeyd edək ki, İranda etirazlar milli valyutanın qəfil çökməsindən sonra dekabrın 28-də başlayıb və hazırda da ölkənin ən azı 46 şəhərini əhatə edib. Məlumatlara görə, onlarla insan həlak olub, bir çoxları yaralanıb. Bundan əlavə ölkədə internet yanvarın 8-i axşam saatlarında kəsilib.

Xəbər lenti