Rusiyanın yanvarın 10-a keçən gecə Ukraynanın enerji infrastrukturuna növbəti zərbələri nəticəsində ölkənin bir neçə bölgəsində yüz minlərlə istehlakçı işıqsız qalıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
"Nəticədə Dneprpetrovsk vilayətində 130 mindən çox istehlakçı işıqsız qalıb", - məlumatda bildirilib.
Kiyevdə və Kiyev vilayətində bundan əvvəlki hücumdan sonra elektrik enerjisinin bərpası işləri davam edir. Gün ərzində paytaxtın 350 mindən çox sakininin elektrik enerjisini bərpa etmək mümkün olub.
Lakin Kiyev vilayətinin təxminən 10 min enerji istehlakçısı hələ də elektrik enerjisindən məhrumdur. Dnepr çayının sol sahilində və Kiyev vilayətinin bir hissəsində qəza-bərpa işləri görülür, sağ sahildə isə növbəli elektrik kəsintisi rejimi tətbiq edilir.
Xüsusilə çətin vəziyyət ön cəbhə və sərhəd bölgələrindədir, burada elektrik təchizatının bərpası davamlı döyüş əməliyyatları səbəbindən çətinləşir.