Fransalı yarımmüdafiəçi Tyemue Bakayoko karyerasını ölkəsində davam etdirməyə yaxındır.
"Report"un "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu "Mets" klubu ilə danışıqlar aparır.
Ötən yay Yunanıstanın PAOK klubu ilə yollarını ayıran və hazırda sərbəst agent statusu daşıyan Bakayoko Fransa çempionatına qayıtmaq istəyir.
Qeyd edək ki, T.Bakayoko karyerası ərzində "Milan", "Napoli" (hər ikisi İtaliya), "Çelsi" (İngiltərə), "Loryan", "Renn" və "Monako" (hamısı Fransa) kimi klublarda çıxış edib. Təcrübəli oyunçu peşəkar səviyyədə keçirdiyi 341 rəsmi matçda 15 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.