Avstraliyanın cənub-şərqində davam edən geniş miqyaslı meşə yanğınları nəticəsində yaşayış evləri məhv edilib, on minlərlə ailə elektrik təchizatından məhrum olub və geniş meşə əraziləri yanıb.
Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Viktoriya ştatı hakimiyyəti 300 min hektardan çox meşə ərazisinin ekstremal isti şəraitində yanğına məruz qaldığını bildirib. Ştat ərazisində ən azı 10 böyük yanğın davam edir.
Viktoriya ştatında yanğınlar nəticəsində yaşayış evləri də daxil olmaqla 130-dan çox tikili dağıdılıb. Təxminən 38 min ev və müəssisə elektriksiz qalıb.
Melburna təxminən 112 km şimalda yerləşən Longvud şəhərinin rayonunda davam edən ən böyük yanğınlardan biri 130 min hektar meşə, 30 bina, eləcə də üzüm bağları və kənd təsərrüfatı torpaqlarını məhv edib.
Yanğın ocaqları yaxınlığında onlarla yaşayış məntəqəsi təxliyə edilib, bir çox milli parklar və kempinqlər bağlanıb.