İrəvanda Ermənistan və İran Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.
Bu barədə "Report" Ermənistan XİN-inə istinadən xəbər verir.
Qeyd edilib ki, siyasi məsləhətləşmələr Ermənistanın XİN rəhbəri müavini Vaan Kostanyanın və İran İslam Respublikasının XİN rəhbərinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Ravançinin rəhbərliyi altında keçirilib.
Görüş zamanı tərəflər Ermənistan və İran arasında ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq hadisələri müzakirə ediblər.
Müavinlər iki ölkə arasında əməkdaşlığın aktiv dinamikasını məmnunluqla bildiriblər və bunun müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərdə də öz əksini tapdığını qeyd ediblər. İki ölkənin liderləri səviyyəsində ifadə olunmuş münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasında qətiyyətlilik bir daha vurğulanıb.
Energetika, infrastruktur, səhiyyə, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin konkret proqramların həyata keçirilməsi prosesi barədə fikir mübadiləsi aparılıb.
V.Kostanyan regional qarşılıqlı əlaqənin inkişafına yönəlmiş layihələrə, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində gözlənilən yeni imkanlara toxunub.