IMG-LOGO

Prezidentin fikirləri Azərbaycanın enerji təhlükəsizliyi xəritəsində etibarlı tərəfdaş olduğunu göstərir - RƏY

09 Jan 2026 16:20 4 baxış
IMG

Azərbaycanın Avropa istehlakçıları üçün artan rolu strateji baxımdan böyük əhəmiyyət daşıyır.

Bunu "Report"a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, deputat Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyi xəritəsində mühüm və etibarlı tərəfdaş olduğunu bir daha göstərir:

"Dövlət başçısının vurğuladığı kimi, neft və qazla zəngin ölkələrin məsuliyyəti yalnız ənənəvi enerji resurslarının təchizatı ilə məhdudlaşmamalıdır. Azərbaycan bu məsuliyyəti dərindən dərk edərək paralel şəkildə yaşıl enerjiyə keçid istiqamətində ardıcıl və məqsədyönlü addımlar atır. Bu yanaşma onu göstərir ki, ölkəmiz qlobal enerji keçidinin fəal iştirakçısı və aparıcı tərəfdaşlarından biridir".

Deputat həmçinin bildirib ki, bu gün Azərbaycan Avropa üçün etibarlı qaz təchizatçısı olmaqla yanaşı, gələcəkdə elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və xüsusilə yaşıl hidrogen sahəsində də mühüm rol oynamağa hazırdır:

"Günəş və külək enerjisi potensialının geniş olması, Xəzər dənizində külək enerjisi layihələri, işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonası elan edilməsi bu strategiyanın praktik təzahürləridir. Gələcək mərhələdə "yaşıl enerji" siyasətinin bir neçə əsas istiqamətdə davam etdirilməsi məqsədəuyğundur. Bərpa olunan enerji istehsalının artırılması və ixrac imkanlarının genişləndirilməsi, yaşıl hidrogen istehsalı və Avropa bazarlarına nəqli üçün infrastrukturun qurulması, enerji səmərəliliyinin artırılması və karbon emissiyalarının azaldılması, yaşıl enerji istehsalının daxili şəbəkə ilə yanaşı, Avropa bazarlarına ötürülməsi üçün enerji dəhlizlərinin genişləndirilməsi vacibdir. Bu missiya həm Azərbaycan üçün, həmdə region üçün yeni perspektivlər açır".

F.Yıldırım eyni zamanda enerji əməkdaşlığının siyasi sabitliyə, iqtisadi inteqrasiyaya və davamlı inkişafa töhfə verdiyini söyləyib:

"Azərbaycan öz yanaşması ilə sübut edir ki, ənənəvi enerji ilə yaşıl enerjinin uzlaşdırılması mümkündür və bu model Avropa üçün də etibarlı və məqbul tərəfdaşlıq nümunəsidir. Ümumilikdə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın enerji siyasətinin uzaqgörənliyini və məsuliyyətini əks etdirir. Ölkəmizin rolu yeni enerji mənbələri və texnologiyalar hesabına daha da artacaq. Bu da regionun və Avropanın enerji təhlükəsizliyinə uzunmüddətli töhfə verəcək".

Xəbər lenti