Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov "Report"un suallarını cavablandırıb. ACF rəsmisi ötən ilin nəticələrini dəyərləndirib, qarşıdakı hədəflər barədə danışıb. O, bu il Bakıda baş tutacaq dünya çempionatı ilə bağlı fikirlərini də bölüşüb.
- 2025-ci ili Azərbaycan cüdosu üçün ümumilikdə necə qiymətləndirirsiniz?
- Ötən ili Azərbaycan cüdosu üçün uğurlu adlandıra bilərik. Federasiya qarşısına qoyduğu bir sıra strateji istiqamətlər üzrə də ciddi irəliləyiş əldə etdi. Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zallarının istifadəyə verilməsi regionlarda bu idman növünün infrastrukturunu daha da gücləndirdi. Eyni zamanda, il ərzində paytaxt və bölgələrdə mövcud zallara federasiya tərəfindən 6000-dək tatami paylanıldı. Məşqçilərin peşəkar səviyyəsinin artırılması məqsədilə regionlarda inkişaf proqramı icra olundu, Bakıda isə sertifikatlaşdırma kursları və xaricdən dəvət edilən təcrübəli mütəxəssislərin iştirakı ilə seminarlar təşkil edildi. Ötən il ölkəmiz cüdo üzrə "Böyük Dəbilqə", yeniyetmələr arasında Avropa Kuboku və Avropa Cüdo Ümidləri Turniri kimi nüfuzlu yarışlara ev sahibliyi etdi. Eyni zamanda, cüdoçularımız III MDB Oyunlarında və VI İslam Həmrəyliyi Oyunlarında qarışıq komanda yarışında çempion oldular. 2025-ci ildə beynəlxalq turnirlərdə qazanılan 253 medal (76 qızıl, 61 gümüş, 116 bürünc) isə görülən işlərin real göstəricisidir.
- 2026-cı il üçün federasiyanın əsas hədəfləri və gözləntiləri nələrdir?
- Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatı ilə bağlıdır. İstəyimiz ondan ibarətdir ki, mundialda idmançılarımız yüksək səviyyədə çıxış etsinlər. Hazırda məhz bu yarışın hazırlıq mərhələsinə fokuslanmışıq. Qarşıda duran əsas məqsədlərdən biri idmançılarımızın fiziki durumunu dünya çempionatına kimi pik nöqtəyə çatdırmaqdır. Bu istiqamətdə milli komandamız bir sıra beynəlxalq təlim-məşq toplanışlarına cəlb olunacaq. Eyni zamanda, təqvimdə yer alan nüfuzlu beynəlxalq turnirlərdə iştirak etməyi planlaşdırırıq. Bununla paralel olaraq, ölkə üzrə cüdo xəritəsinin genişləndirilməsi və regionlarda infrastrukturun gücləndirilməsi istiqamətində işləri davam etdirəcəyik.
- Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıq işləri hansı istiqamət üzrə gedir?
- Artıq hazırlıq işləri start götürüb. Hazırda təşkilati proses planlaşdırma mərhələsindən tədricən icra mərhələsinə keçir. Beynəlxalq Cüdo Federasiyası ilə koordinasiya, infrastruktur və logistika, könüllülər, akkreditasiya, media və yayım planı, eləcə də tamaşaçı təcrübəsi istiqamətləri üzrə işçi qruplar formalaşdırılır və fəaliyyət planları dəqiqləşdirilir. Əsas məqsəd Bakıda keçiriləcək dünya çempionatını yüksək xidmət standartları, güclü təşkilatçılıq, müasir yayım və yüksək səviyyəli tamaşaçı təcrübəsi ilə yaddaqalan idman bayramına çevirməkdir.
- 2026-cı ildə ölkəmizdə cüdo üzrə daha hansı beynəlxalq turnirlərin keçirilməsi planlaşdırılır?
- Dünya çempionatı ilə yanaşı, daha iki beynəlxalq turnirə ev sahibliyi etməyi planlaşdırırıq. Bunlardan biri artıq ənənəyə çevrilmiş yeniyetmələr arasında Avropa Kubokudur. Son üç ildə bu yarışı Göygöl və Qubada yüksək səviyyədə təşkil etmişik. Bu həm qonaqların, həm də yarışda iştirak edən ölkə nümayəndələrinin rəylərində də öz müsbət əksini tapıb. 2026-cı ildə turnirin Gəncədə keçirilməsi nəzərdə tutulur. Digər yarış isə ötən il təşkil etdiyimiz Avropa Cüdo Ümidləri Turniridir. Bu yarışın Bakıda keçirilməsi planlaşdırılır və iştirakçı sayının daha yüksək olacağını gözləyirik.
- Bir vacib məsələ barədə də fikrinizi öyrənmək istərdik. Veteran cüdoçu Zülfiyyə Hüseynovanın işlə bağlı səsləndirdiyi fikirlərə federasiyanın münasibəti necədir?
- Zülfiyyə xanım hörmətlə yanaşdığımız veteran samboçumuz və cüdoçumuzdur. İşlə bağlı müraciətinə gəlincə, federasiya tərəfindən ona məşqçilik fəaliyyətinə başlaması və özünün cüdo zalını açması ilə bağlı dəstək göstərilməsi barədə təklif irəli sürülüb. Həmin cüdo zalının tatamilər və digər zəruri avadanlıqlarla təmin olunması və ilkin müəyyən edilmiş müddətdə icarə haqqının ödənilməsinə dəstək veriləcəyi onun diqqətinə çatdırılıb. Yeri gəlmişkən, federasiya idman karyerasını bitirən milli komandanın bir çox sabiq üzvlərinə bu formada dəstək verib və verməyə davam edəcək. Lakin təəssüf ki, Zülfiyyə xanım bu təklifdən imtina edib.