IMG-LOGO

"Kəpəz" Futbol Akademiyasının koordinatoru: "Gəncədə istedadlı uşaqlar çoxdur"

07 Jan 2026 17:17 4 baxış
IMG

Gəncədə futbol oynayan istedadlı uşaqlar çoxdur.

Bunu "Report"a açıqlamasında "Kəpəz" Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev deyib.

Mütəxəssis klubun Məşq Mərkəzində reallaşan seçimlər barədə danışarkən, iki gün ərzində seleksiya prosesi aparıldığını bildirib:

"Seçimlərə 180-ə yaxın uşaq qatıldı. Akademiyanın məşqçiləri iki gün ərzində seleksiya prosesi aparıb, müvafiq qeydlər götürdülər. Seleksiya əsasən 2008-2014-cü il təvəllüdlü uşaqlar arasında keçirildi. İlkin olaraq 10-a yaxın uşaq diqqət mərkəzinə düşərək, seçimlərdən uğurla keçdilər. Ümumiyyətlə, Gəncədə istedadlı uşaqlar çoxdur. Çalışırıq ki, onları daha erkən yaşdan akademiyamıza cəlb edək. Bizimlə yanaşı, Azərbaycanın digər klubları da Gəncənin istedadlı uşaqlarını öz akademiyalarına aparmaq istəyirlər".

V.Vəliyev "Kəpəz" Futbol Akademiyasında yetişən futbolçuların qısa müddət sonra komandanın əvəzedici heyətinə yollandığını vurğulayıb:

"Akademiyamızda yetişən futbolçular bir müddət sonra əvəzedici komandaya yollanırlar. Hazırda əvəzedicilərdən ibarət kollektivdə oynayan 18 futbolçu akademiyanın U-17 və U-19 komandalarının üzvləridir. Bundan başqa, əvəzedicilərdən bəzi futbolçular müntəzəm olaraq əsas komandanın məşqlərində iştirak edirlər. Gələcəkdə özlərini yaxşı tərəfdən göstərən futbolçular əsas komandaya cəlb oluna bilərlər".

Xəbər lenti