IMG-LOGO

"Kənd toyuğu" adı ilə insanları öldürürlər - Bazarda təhlükəli fırıldaq

07 Jan 2026 15:45 5 baxış
IMG
4 0

Bəzi sahibkarlar satışlarını artırmaq üçün istehlakçıları aldatmağa davam edir. “Kənd toyuğu” adı ilə satılan məhsulların bir hissəsinin əslində adi broyler toyuqları olduğu iddia olunur. Əvvəllər toyuqlara sarıkök sürtülərək onlara “təbii” görüntü verildiyi halda, indi daha fərqli üsula əl atılır. Belə ki, Tatrazin (E102) adlı süni boya ilə toyuqlar sarı rəngə salınır və alıcılarda saxta “kənd toyuğu” təəssüratı yaradılır. Bu yolla həm insanlar aldadılır, həm də məhsulun mənşəyi gizlədilir.

Bəs görəsən, bu maddənin insan orqanizminə hansı zərərləri var? Onu ilk baxışdan müəyyən etmək olarmı?

Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, tartrazin (E102) qida əlavəsi yalnız içkilərdə, jelatində və şirniyyatlarda müəyyən olunmuş normativləri aşmamaq şərti ilə zərərsiz hesab olunur:

“Tatrazinin quş ətləri, eləcə də digər ət məhsullarına vurulması qəti qadağandır. Bu maddə bronxial astma xəstəliyi olan insanlara daha çox mənfi təsir göstərir. Allergik reaksiyası olan şəxslərin orqanizmi bu maddəyə daha həssas reaksiya verir. Bundan əlavə uşaqlar, yaşlılar və hamilə qadınlar da bu qida əlavəsindən (süni boya) daha çox əziyyət çəkirlər.

Toyuqlara vurulmuş bu maddəni laborator mütəxəssis baxışı olmadan tam müəyyənləşdirmək olmur. "Kənd toyuğu" adı altında satılan məhsullara tartazinlə yanaşı, sarıkök də vururlar.

Harada gəldi, küçədə, metro çıxışlarında, bazarda "kənd toyuğu" kimi satılan məhsullardan qaçmaq lazımdır. Baxırsan ki, 2 kiloluq toyuq satırlar, deyirlər ki, kənd məhsuludur. 2 kiloluq kənd toyuğu varsa da, o artıq yeməli deyil. Alanda 1-1,200 qram olan toyuqlara daha çox üstünlük vermək lazımdır. Kənd toyuğunu broylerdən fərqləndirən digər məqam dərisidir. Kənd toyuqlarında dəri daha sərt olur, həmçinin bişmə prosesi daha uzun çəkir. Lakin baxmaqla, rənginin öz dərisinə aid olduğunu, yaxud süni maddə olduğunu bilmək olmur, AQTA-nın laboratoriyası olduğu üçün tartazini aşkarlaya bilir. Ümumiyyətlə, bu kimi hallar birbaşa cinayət faktıdır. Buna bənzər müəssisələr tapılıb, yoxlanılmalı və bağlanmalıdır”.

Ekspert bildirib ki, süni boyalardan əlavə, antisanitar vəziyyətdə toyuqları təmizləmək, orada işləmək də, ölümə səbəb ola bilər:

Qorxuducu səslənsə də, toyuqlar salmonella bakteriyasının daşıyıcısıdır. Bu da, insanı öldürə bilər. Həmin toyuqları yeyən şəxslərin kimliyini nəzərə almayan bu cür “sahibkarlar”ın fəaliyyətinə son verilməli, cinayət məsuliyyətinə cəlb edilməlidir. Onlar canlarını inzibati cəzalarla qurtarmamalıdır, birbaşa həbs edilməlidirlər, çünki burada söz mövzusu uşaqlar, yaşlılar, hamilə qadınlar, kimyaterapiya alan, astması, yüksək allergik reaksiyası, mədə-bağırsaq həssaslığı olan insanlardır. Nə dərəcədə vicdansız olmaq lazımdır ki, bu kateqoriyadan olan insanları düşünməyəsən. Heç də hamı əti heyvana vermək üçün almır axı.

Qida təhlükəsi biliyi olan şəxslər bilirlər ki, salmonella bakteriyası insanı məhv edə, öldürə bilər. bu cür sahibkarlara qarşı çox amansız olmaq lazımdır. İstəyir leş ət satanlar olsun, istərsə də, riskli məhsullarla davranış qaydalarına əməl etməyən, onları kobudcasına pozan insanlara qarşı amansız olmaq lazımdır. Onlar bildikləri işlə məşğul olsunlar, insanları zəhərləməsinlər. Qida ilə zarafat eləmək olmaz. Qida insanı birbaşa öldürə bilər”.

Kənd toyuğu Tatrazin E102 qida əlavəsi Qida eksperti Qida təhlükəsizliyi

Xəbər lenti