IMG-LOGO

İşdən çıxarılan həkimlər etiraza qalxdı: "34 ildir stomatoloq idim, ixtisara saldılar" - YENİLƏNİB

07 Jan 2026 14:14 3 baxış
IMG
3 0

Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar TƏBİB-in qərarına etiraz edirlər.

Lent.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-in binasına gələn stomatoloqlar 150–200 min əhalisi olan rayonlarda hər xəstəxanada yalnız 3 stomatoloq ştatının saxlanıldığını və tələbin daha yüksək olduğunu vurğulayırlar.

“Zaqatala rayonundan gəlmişəm. Zaqatala endemik zonadır. 130 min əhalisi var. Rayonda 22 təhsilli həkim var. 19 həkimi ixtisar edib, cəmi 3 həkim saxlayıblar. 130 min əhaliyə 3 həkimin xidmət etməsi nə dərəcədə düzgündür? 34 ildir fəaliyyət göstərən həkimi ixtisar etmək nə dərəcədə doğrudur? Deyirlər imtiyazlı həkimlər var. Özüm şəkər xəstəsiyəm, bəs niyə ilk növbədə məni ixtisar edirlər? Aramızda ürək xəstəsi olan, körpəsi olan var. Hamısını ixtisar ediblər. Niyə insanlar özəl klinikaya getməyə məcbur qalmalıdır?”, - stomatoloq Ülkər Qazıyeva bildirib.

Ülkər Qazıyeva TƏBİB rəhbərliyinin onların suallarını cavablandırmadığını qeyd edib. O, artıq üçüncü dəfədir TƏBİB-in binasına gəldiklərini əlavə edib.

“184 min əhalisi olan Xaçmazda 27 stomatoloq var. Hər 3-4 min nəfərə xidmət göstərəcək 1 stomatoloq lazımdır. Onları da ixtisar edirlər. Bizi maliyyələşdirmirlər, bütün materialların, hətta assistentin ödənişini özümüz edirik. Bundan əlavə, aylıq 1200-1800 manat ödəniş istəyirlər. Verdikləri maaş da 531 manatdır. Onsuz da Azərbaycanda həkim çatışmazlığı var. Bu ixtisarların əsası nədir? Heç bir sualımız cavablandırılmır. Regionlar üzrə 1140 nəfər həkimi ixtisar etmək istəyirlər”, - stomatoloq Aydın Rəşidov vurğulayıb.

33 ildir stomatoloq kimi çalışdığını bildirən Xavər Babayevanın sözlərinə görə, onlara heç bir təminat verilməyib, avadanlıqla təmin edilməyiblər.

***

saat 13:34

Bölgələrdən gəlmiş bir qrup tibb işçisi işdən çıxarıldığı üçün TƏBİB-in qarşısında etiraz edirlər.

Lent.az xəbər verir ki, bu barədə həkimlər sosial şəbəkələrdə paylaşım ediblər.

Stomatoloq kimi çalışan həkimlərin sözlərinə görə, onlar ixtisar edilərək işdən çıxarılıblar, indi isə iş tapa bilmirlər. 

"Heç bir yerdə işləmirik. Nə etməliyik? biz işimizə bərpa olunmaq istəyirik. Səbəbsiz yerə bizi ixtisara saldılar, indi isə səsimizi eşidən yoxdur",- deyə onlar bildiriblər. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Lakin qurumdan sorğumuza cavab ala bilmədik.

Sizin brauzer video tagını dəstəkləmir. Sizin brauzer video tagını dəstəkləmir. Bakıda həkimlərin etirazı Stomatoloqların ixtisarı TƏBİB

Xəbər lenti