Şarl de Qoll adına Paris aeroportunda qar yağması səbəbindən təxminən 100, Orli aeroportunda isə təxminən 40 reys ləğv edilib.
"Report"un BMFTV telekanalına istinadən məlumatına görə, bu barədə Fransanın nəqliyyat naziri Filipp Tabaro bildirib.
Onun sözlərinə görə, Parisdə davam edən əlverişsiz hava şəraiti səbəbindən aviareyslərın ləğv edilməsi hələ əvvəlki gündən gözlənilirdi.
Məlumata görə, Fransanın şimal-qərb ərazisinin geniş hissəsində avtomobil, hava və dəmir yolu şəbəkələrinin, eləcə də ictimai nəqliyyatın işində fasilələr müşahidə olunur. 38 departamentdə "narıncı" təhlükə səviyyəsi elan edilib.
Ölkədə ümumi uzunluğu 1 600 kilometrdən çox olan tıxaclar yaranıb, bunlardan təxminən 950 kilometri İl-de-Frans regionundadır.