IMG-LOGO

Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya Yəməndə CKŞ qüvvələrinə zərbələr endirib

07 Jan 2026 08:57 2 baxış
IMG

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin cənub-şərqində yerləşən Əd-Dali vilayətində Cənub Keçid Şurasının (CKŞ) qüvvələrinə zərbələr endirib.

"Report"un xəbərinə görə, bu barədə SPA məlumat yayıb.

Koalisiyanın rəsmi nümayəndəsi general-mayor Turki əl-Maliki bildirib ki, öz düşərgələrini tərk edən CKŞ qüvvələri Əd-Dali vilayətində yerləşən Əl-Zənd düşərgəsinin yaxınlığındakı binada aşkar olunub və bundan sonra onlara "məhdud preventiv zərbələr" endirilib.

Onun sözlərinə görə, koalisiyanın hərəkətləri separatçı qüvvələrin fəaliyyətini pozmaq və CKŞ sədri Aydarus əz-Zubaydinin münaqişəni gərginləşdirmək cəhdlərinin qarşısını almağa yönəlib.

Bundan əlavə, koalisiya əz-Zubaydinin naməlum istiqamətə gizləndiyini açıqlayıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Koalisiyanın verdiyi məlumata görə, o, Yəmənin cənubundakı münaqişənin həlli ilə bağlı forumda iştirak etmək üçün onu Ər-Riyada aparmalı olan reysə gəlməyib.

Məlumata görə, separatçı hərəkatın rəhbərinin hazırda olduğu yer hələ də naməlum olaraq qalır.

Xəbər lenti