Venesuelanın vitse-prezidenti Delsi Rodriqes respublikanı və prezident Nikolas Maduronu müdafiə edərkən həlak olmuş gənclərin şərəfinə yeddi günlük milli matəm elan edib.
"Report"un məlumatına görə, D. Rodriqes bunu VTV telekanalının efirində bəyan edib.
"Venesuelanı və prezident Nikolas Maduronu müdafiə edərək həyatını qurban verən gənc qadın və kişilərin şərəfinə, onların qəhrəmanlığı və fədakarlığına minnətdarlıq olaraq yeddi günlük matəm elan etməyə qərar verdim", – deyə o bildirib.
Onun sözlərinə görə, matəm elanının səbəbi hakimiyyətin "qurbanlar" adlandırdığı, respublikanın ali dəyərləri uğrunda ölkəni müdafiə edərkən həlak olmuş gənclərin ölümü ilə bağlıdır. Vitse-prezident daxili sülhün qorunmasının vacibliyini vurğulayıb və bir daha Venesuelaya qarşı təzyiq və hücumların dayandırılmasına çağırıb.