Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Səməndər Səfayinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmədə şahid kimi dindirilən S. S hadisə baş verən gün evdə olduğunu dedi:
"Atamla anamın əvəllər yaxşı münasibəti olub, 2021-ci ildən pisləşməyə başladı, səbəbi qısqanclıq idi. Atam anama deyirdi ki, özünü öldür, canını qurtar. Anam hər dəfə şikayət edirdi, amma atam qorxutduğu üçün şikayətini geri çəkdi. Həmin gün mən yataq otağında idim. Atamla-anam qonaq otağında idilər. Dəqiq eşidə bilmədim, anam nə isə dedi, bundan sonra atam bıçağı siyirmədən çıxarıb anamın ardınca cumdu. Mən ağlayıb yalvarmağa başladım, amma mənə qulaq asmadı. Anamı yerə yıxıb ona bıçaq zərbələri endirməyə başladı. Nənəm də hadisəni gördü".
Şahid Baxşəliyev Vüqar təqsirləndiriləni tanıdığını deyib:
"Nüşabə ilə evlənəndən bəri Səməndəri tanıyırdım. Əvvəllər çox yaxşı münasibətləri vardı. Axır bir ilin içində dava-dalaşları əskik olmurdu. Özünə də dedim ki, uşaqlara görə eləmə. Hətta deyirdim ki, get başqa qadınla evlən, amma Nüşabəyə toxunma".
Şahid Səfərova Mahizər Səməndərlə qonşu olduğunu deyib:
"Onlarln evi ilə bizim evin arasında hasar var. Həmin gün uşaqların qışqırığına çölə çıxdım, Anam öldü deyib ağlayırdılar. Nüşabə yerdə qan içində uzanmışdı. Mən nə edəcəyimi bilmirdim. Tez təcili yardıma zəng etdim. Həkim gecikirdi, tez qaçdım maşını olan qonşuya ki, Nüşabəni həkimə çatdıraq. Həkim gəldi, mən uşaqların yanında həyətdə qaldım".
Şahid Xanım Cabbarova təqsirləndirilən şəxsi tanımadığını bildirdi:
"Həyat yoldaşım taksi şoferi olub, təqsirləndirilənin həyat yoldaşı ilə münasibətinə görə xəsarət alıb. O hadisədən sonra psixoloji durumu stabil deyil".
Şahid Zaur Rüstəmov hadisə günü toydan qayıtdığını bildirdi:
"Mən uşaqla toydan gəlib öz evimə gedəndə Canmirzəni gördüm. Yaralı idi, xahiş elədi ki, onu xəstəxanaya aparım. Sonra qohumları gəldi, mən çıxıb getdim".
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib, növbəti proses 13 yanvar saat 14:30-a təyin olunub.
Xatırladaq ki, 2024-cü ilin 09 iyulunda paytaxtın Binəqədi rayon sakini Nüşabə Səfərovanın (Səfayi) qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon Prokurorluğunun apardığı araşdırmalara görə zərərçəkmişin əri Əfqanıstan Respublikasının vətəndaşı Səməndər Səfayinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Nüşabə Səfərovanı (Səfayi) qəsdən öldürməsinə və tanışı Canmirzə Cabbarovu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.
Hadisələr