Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 31,05 xalla 5-ci yerdə qərarlaşıb.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, bu, Dünya Bankının "Business Ready-2025" ("B-Ready", "Biznesə daxilolma") hesabatında öz əksini tapıb.
Hesabata görə, Azərbaycan tənzimləyici keyfiyyət (30,83 xal ilə 17-ci yer) və idarəetmə-şəffaflıq göstəriciləri (29,17 xal ilə 27-ci yer) üzrə ilk 30-luqda yer alıb.
Ümumilikdə, kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83,05 xalla 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb. Kommunal xidmətlər sahəsində ölkəyə ən çox töhfə verən alt-indikator məhz internet xidmətləri olub.
Xatırladaq ki, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti üç əsas göstərici üzrə dəyərləndirilib: normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi. Bununla yanaşı, tematik istiqamətlər üzrə orta göstəricilər də müəyyən edilib.
"Doing Business" hesabatını əvəz edən "B-Ready", biznes mühitinin qiymətləndirilməsində daha balanslaşdırılmış və şəffaf yanaşma təklif edir. Hesabatın metodologiyası Dünya Bankının ekspertlərinin, hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyəti institutlarının tövsiyələri əsasında formalaşdırılıb. Bu yanaşma "de jure" və "de facto" göstəricilər arasında tarazlığın qorunmasını, eləcə də məlumatların müqayisə oluna bilməsini və reprezentativliyini nəzərdə tutur.
2021-ci ilin sentyabrında Dünya Bankı əvvəlki illərdə məlumatların toplanması və təqdimatında pozuntuların aşkar edilməsindən sonra "Doing Business" hesabatlarının hazırlanmasından imtina etdiyini açıqlayıb. Azərbaycan bu kontekstdə adı çəkilən dörd ölkədən biri olub.
Araşdırmalar nəticəsində Çin və Səudiyyə Ərəbistanının göstəricilərinin şişirdildiyi, Azərbaycanın isə 2018 və 2020-ci illər üzrə "Doing Business" hesabatlarında reytinqlərinin müəlliflərin qərəzli yanaşması səbəbindən süni şəkildə aşağı salındığı müəyyən edilib.