"Qəbələ"nin əsas problemi heyətin kasad olması və təcrübəsizliklə bağlıdır.
Bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin idman dirketoru Səbuhi Səfiyarlı komandanın qış toplanışını dəyərləndirərkən deyib.
Klub rəsmisi hazırda heyəti gücləndirmək istədiklərini bildirib:
"Bir həftə ərzində transfer işlərimizi yekunlaşdırmağa çalışacağıq. Çünki vaxtımız azdır. Baxışa futbolçu gəlməyəcək. Gələn oyunçu birbaşa müqavilə imzalayacaq. Bir əcnəbi oyunçunun keçidini dünən açıqladıq. Daha 2 legioner futbolçu ilə anlaşmaq istəyirik. Bir də dayaq yarımmüdafiəçisi mövqeyinə yerli oyunçu axtarışındayıq".
O, qapıçı Rza Cəfərovun "Qəbələ"yə mümkün keçidindən danışıb:
"Rza kimi qapıçının komandamızda çıxış etməsini istəyərdik. Lakin bu məsələ hələ də qeyri-müəyyənliyini qoruyur. Bu sualın cavabına yaxın günlərdə aydınlıq gələcək".
S.Səfiyarlı qış toplanışının komandaya faydalı olacağına inanır:
"Mövsümün ilk yarısında gördük ki, "Qəbələ"nin əsas problemi heyətin kasad olmasıdır. Bunun fonunda komandanın müəyyən qədər təcrübəsizliyi də nəzərə çarpırdı. Qış fasiləsində əsasən bunları aradan qaldırmaq istəyirik. Amma tam olaraq istəyimizə çatdığımızı deyə bilmərəm. Bu istiqamətdə işlər davam edir. İnanırıq ki, komanda qış təlim-məşq toplanışının bəhrəsini görəcək".
Qeyd edək ki, "Qəbələ" ötən gün seneqallı mərkəz müdafiəçisi Seydina Keytanın transferini açıqlayıb. Komanda hazırda Premyer Liqada 8 xalla 11-ci sırada yer alıb.