IMG-LOGO

Azərbaycan və İtaliya 6 illik fasilədən sonra Hökumətlərarası Komissiyanın iclasını Bakıda keçirəcək

06 Jan 2026 16:02 5 baxış
IMG

Gələn həftə Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçiriləcək.

Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Komissiyanın növbəti iclası yanvarın 13-də baş tutacaq. İclasda Azərbaycan tərəfdən həmsədr energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli olacaq.

Xatırladaq ki, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclası 2020-ci il yanvarın 14-də Romada keçirilib.

Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq enerji, sənaye, təhsil və bərpa işləri də daxil olmaqla geniş sahələri əhatə edir. Tərəflər arasında strateji tərəfdaşlıq qorunur və İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərir. Bununla yanaşı, İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində aktiv iştirak etməyə dəvət olunur.

Enerji əməkdaşlığı bu münasibətlərin əsas sütunlarından biridir. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 3,88 milyard ABŞ dolları dəyərində 7,9 milyard kubmetr təbii qaz ixrac edilib. Bu həcm Azərbaycanın ümumi təbii qaz ixracının 38 %-ni təşkil edir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə İtaliyaya ixrac olunan qazın həcmi 2 % azalsa da, dəyər ifadəsində 19,3 % artım qeydə alınıb.

İqtisadi göstəricilərə nəzər saldıqda, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı mövqeyini qoruyur. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11 milyard 242 milyon 802,7 min ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur və Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 25,21 %-nə bərabərdir.

Hesabat dövründə Azərbaycandan İtaliyaya ixrac 10 milyard 803 milyon 334,02 min ABŞ dolları, İtaliyadan Azərbaycana idxal isə 439 milyon 468,68 min ABŞ dolları olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın 9,7 % artdığını, idxalın isə 7,1 % azaldığını göstərir.

Ticarət dövriyyəsinin əsas hissəsi xam neftin payına düşür. Belə ki, ötən ilin 11 ayı ərzində Azərbaycan İtaliyaya 6 milyard 524 milyon 604,65 min ABŞ dolları dəyərində 12 milyon 670 min 719,72 ton xam neft ixrac edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,2 %, həcm baxımından isə 28,5 % artım deməkdir.

Xəbər lenti