2025-ci ildə yaranan bəzi turizm vərdişlərini keçmişdə qoymaq daha yaxşıdır. Müasir dünyada internet məkanında saysız-hesabsız turizm trendlərinə rast gəlmək mümkündür. Onların bir qismi faydalı ola bilər, digərləri isə səyahətçilərin sağlamlığına, hətta həyatına belə təhlükə yaradır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, səyahətlər haqqında yazan Fodor’s nəşri 2025-ci ilin ən pis turizm trendlərini toplayıb və onlardan birdəfəlik imtina etməyi tövsiyə edir.
1. Hava limanına gec gəlmək
Bu il səyahətçilər reyslərinə çatmaq üçün hava limanına nə qədər gec gələ biləcəklərini aktiv şəkildə yoxlamağa başlayıblar. “Hava limanı nəzəriyyəsi” adlanan bu tendensiya sərnişinlərin uçuşdan cəmi 15–20 dəqiqə əvvəl hava limanına gəlməsini nəzərdə tuturdu.
TikTok-da bəzi istifadəçilər buna nail olsalar da, əksəriyyət reyslərini buraxıb. Mütəxəssislər isə bildirirdilər ki, uğur ilin vaxtı, hava limanı, tıxaclar və baqaj kimi amillərdən asılıdır.
2. Ekstremal birgünlük səyahətlər
2025-ci ildə sosial şəbəkələrdə beynəlxalq uçuşlarla cəmi bir gün davam edən səyahətlər fəal şəkildə təbliğ olunmağa başladı.
Turistlər 24 saat ərzində mümkün qədər çox şeyə çatmağa çalışır, sonra isə dərhal geri qayıdırdılar. Lakin bu trend ətraf mühitə mənfi təsiri və qısa müddətli səfərlərin turizm məkanlarına əlavə, amma faydasız yük yaratması səbəbindən tənqid olundu.
3. Girov düşmə riski
Bəzi insanları uzun müddətdir ki, “qaranlıq turizm” cəlb edir – yəni müharibə gedən və ya təhlükəli ərazilərə səyahət etmək istəyi. Məsələn, müharibədən əziyyət çəkən Ukraynaya getmək buna nümunədir. Lakin bəzən vəziyyət həddindən artıq riskli həddə çatır: turistlər bilərəkdən girov götürülə biləcəkləri ölkələrə – Əfqanıstan, Somali və ya Rusiya kimi yerlərə gedirlər. Hamıya məlumdur ki, bu ölkələrdə ABŞ və Avropa vətəndaşları tez-tez uydurma ittihamlarla həbs olunur və sonradan terrorçular və ya casuslarla dəyişdirilir. Hətta Əfqanıstanda girovların iştirak etdiyi videorolik turist cəlb etmək məqsədilə reklam kampaniyası kimi yayımlanıb.
4. Qulaqlıqdan imtina
Getdikcə daha çox insan ictimai yerlərdə video izləyərkən, musiqi dinləyərkən və ya telefonla danışarkən qulaqlıqdan istifadə etmir. Bu vərdiş artıq normal insanları o qədər qıcıqlandırıb ki, bəzi şəhərlərdə belə davranışa görə cərimələr tətbiq olunmağa başlayıb.
Məsələn, Fransada bir kişi telefonu səsgücləndirici ilə danışdığı üçün cərimələnib, Londonda isə səyahətçiləri qulaqlıqdan istifadə etməyə çağıran maarifləndirici kampaniya başladılıb.
Daha əvvəl bildirildiyi kimi, səyahətlərin təşkili platforması olan GetYourGuide-in ekspertləri növbəti il üçün əsas turizm trendlərini proqnozlaşdırmağa çalışıblar. Onların əsas qənaəti belə olub: turistləri getdikcə daha çox məkan yox, səyahətin məqsədi maraqlandırır.
turizm trend