Dekabrın əvvəlində iPhone-ticker “Apple”nin qatlanan “iPhone”si ilə bağlı çertyojları və ilk renderləri yayımlamışdı. İndi isə şəbəkədə cihazın “canlı” fotoları ortaya çıxıb. Görüntülər real dizaynı əks etdirən keyfiyyətli maketlərə bənzəyir.
Lent.az xəbər verir ki, fotolara əsasən, iPhone Fold qatlanmış vəziyyətdə demək olar ki, kvadrat formalı və olduqca kompakt olacaq, ölçülərinə görə iPhone mini ilə müqayisə edilir. Açıq vəziyyətdə isə ekran ölçüsü və nisbəti baxımından iPad mini-ni xatırladacaq.
Ən diqqətçəkən məqamlardan biri isə "Apple"nin qatlanan smartfonların əsas texniki problemini ekran qatında görünən şovu aradan qaldırmasıdır. Məlumatlara görə, iPhone Fold-un ekranında qat hissəsində heç bir görünən iz qalmayacaq.
Daha əvvəl bildirilirdi ki, “qatlanan” iPhone-un xarici ekranı 5,49 düym diaqonala, 2088×1422 piksel təsvir ölçüsünə və 1,49:1 tərəf nisbətinə sahib olacaq. Daxili, açılan ekran isə 7,76 düym diaqonal, 2713×1920 piksel təsvir ölçüsü və daha kvadrat 1,43:1 nisbəti ilə təqdim ediləcək.
Açıq vəziyyətdə cihazın qalınlığı 4,8 mm təşkil edəcək. Bu göstərici iPhone Air-dən (5,6 mm) daha nazik, lakin Galaxy Z Fold 7-dən (4,2 mm) bir qədər qalındır.
Sızıntılar təsdiqlənərsə, smartfon dörd kamera ilə təchiz olunacaq: bir ön kamera, bir daxili kamera və iki əsas kamera. Face ID əvəzinə yan düymədə yerləşən Touch ID istifadə ediləcək. Fiziki SIM kart yuvası olmayacaq, cihaz yalnız eSIM texnologiyasını dəstəkləyəcək.
Qiymətə gəlincə, müxtəlif mənbələr iPhone Fold-un 2000–2400 ABŞ dolları aralığında olacağını bildirir və ehtimal edilir ki, qiymət yuxarı həddə daha yaxın olacaq. Bu isə onu eyni form-faktorda olan əsas rəqiblərdən xeyli bahalı edir. “Apple”nin ilk qatlanan iPhone-unun rəsmi təqdimatının 2026-cı ilin payızında baş tutacağı gözlənilir.
texno Apple iPhone
