İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə İranın nüvə proqramının bərpasına yol verilməməsi məsələsində ortaq və dəyişməz mövqeyi bölüşür.
"Report"un "Ynet"ə istinadən verdiyi məlumata görə, o, bunu Knessetdə çıxışı zamanı bildirib.
"Biz İrana öz ballistik raket sənayesini bərpa etməyə icazə verməyəcəyik və daha da çox onun nüvə proqramını yenidən bərpasına yol verməyəcəyik. Bu, ortaq mövqedir və dəyişməz olaraq qalır", - Netanyahu deyib.
Baş nazirin sözlərinə görə, onlar Qəzza münaqişəsinin həlli məsələlərində də həmrəydirlər.
"Prezident Tramp HƏMAS-ın silahsızlaşdırılması və demilitarizasiyası, həmçinin son girovun – israilli qəhrəman Ran Guaylinin geri qaytarılmasının zəruriliyinə dair ortaq öhdəliyimizi təsdiqləyib", – Netanyahu qeyd edib.