Azərbaycanda məişət təyinatlı mürəkkəb texniki malların satışı sahəsində nöqsanlar aşkar edilib.
"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, Agentlikdə məişət təyinatlı mürəkkəb texniki malların satışı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş təşkil edilib.
Görüş müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması halları ilə bağlı son dövrlərdə Agentliyə daxil olmuş çoxsaylı istehlakçı müraciətləri əsasında sözügedən məhsulların satışı ilə məşğul olan sahibkarlıq subyektlərinin rəsmi internet saytlarında aparılmış monitorinqlər zamanı bir sıra nöqsanların aşkar edilməsi ilə əlaqədar keçirilib.
Görüş zamanı sahibkarlara istehlakçılardan daxil olmuş müraciətlər əsasında müvafiq sahədə aparılan təhlil və araşdırmaların nəticələri barədə ətraflı məlumat verilib.
Eyni zamanda, elektron ticarətin həyata keçirildiyi rəsmi internet saytlarında məhsulların əsas istehlak xassələri, qiymətləri, çatdırılma xərcləri və şərtləri, ödəniş və sifarişin icra qaydaları, məhsulların mənşəyi və texniki göstəriciləri barədə tam və dolğun məlumatın verilməsinin vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, satış şərtləri və müqavilələrdə istehlakçı hüquqlarını məhdudlaşdıran müddəaların yerləşdirilməsinə yol verilməməli, həmçinin endirim kampaniyaları zamanı reklam qanunvericiliyinin tələblərinə əməl olunmalıdır.
Sonda məişət təyinatlı mürəkkəb texniki malların satışını həyata keçirən sahibkarlıq subyektlərinə fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları ilə bağlı Agentlik tərəfindən məktubların göndərildiyi diqqətə çatdırılıb və aşkar edilmiş nöqsanların mümkün qısa zamanda aradan qaldırılmasının zəruriliyi vurğulanıb.



