IMG-LOGO

Son istifadə tarixi və... Qida etiketləri arasında fərq nədir?

11 Jul 2026 14:25 2 baxış
IMG
1 0

Supermarketlərdə satılan ərzaqların üzərində adətən iki fərqli tarix göstərilir: "son istifadə tarixi" və "ən yaxşı istifadə tarixi". Bir çox insan bu ifadələri eyni məna daşıdığını düşünsə də, əslində aralarında ciddi fərq var.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Böyük Britaniyanın Qida Standartları Agentliyi bu mövzuda istehlakçıları diqqətli olmağa çağırıb.

Qurum bildirir ki, məhsulun üzərindəki tarixlərdən biri qidanın təhlükəsizliyini, digəri isə keyfiyyətini göstərir. Bu fərqi bilməmək həm qida zəhərlənməsinə səbəb ola, həm də istifadəyə yararlı məhsulların lazımsız yerə atılması ilə nəticələnə bilər.

Hansı tarix təhlükəsizlik baxımından vacibdir?

"Son istifadə tarixi" qidanın nə vaxta qədər təhlükəsiz şəkildə istifadə oluna biləcəyini göstərir. Bu qeyd əsasən ət, toyuq, balıq, süd məhsulları və hazır yeməklərin üzərində olur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu tarix keçdikdən sonra məhsul xarab görünməsə və qoxusunda dəyişiklik hiss olunmasa belə, onu istehlak etmək risklidir. Çünki zərərli bakteriyalar gözlə görünmədən çoxala bilər.

Qida yalnız son istifadə tarixinin göstərildiyi günün sonuna qədər istifadə edilməlidir. Həmin gün bişirilən yeməyi isə sonradan soyuducuda saxlamaq və ya dondurmaq mümkündür.

"Ən yaxşı istifadə tarixi" nə deməkdir?

"Ən yaxşı istifadə tarixi" isə məhsulun keyfiyyətini ifadə edir. Bu tarix keçdikdən sonra məhsulun dadı, rəngi və ya teksturası dəyişə bilər. Lakin düzgün şəraitdə saxlanılıbsa, əksər hallarda sağlamlıq üçün təhlükə yaratmır.

Bu qeyd daha çox konservlər, makaron, düyü, peçenye, dondurulmuş məhsullar və uzun müddət saxlanılan digər ərzaqlarda olur.

Saxlanma qaydalarına əməl etmək vacibdir

Qida Standartları Agentliyi vurğulayır ki, qablaşdırmada göstərilən saxlanma temperaturuna riayət edilmədikdə, məhsul son istifadə tarixi keçmədən də xarab ola bilər.

Məsələn, məhsulun 5 dərəcədən aşağı temperaturda saxlanılması tələb olunursa, həmin qaydaya mütləq əməl edilməlidir.

Kosmetik vasitələrin də istifadə müddəti var

Mütəxəssislər bildirirlər ki, istifadə müddəti təkcə qidalara aid deyil. Kosmetik vasitələrin üzərində də açıldıqdan sonra neçə ay istifadə edilə biləcəyini göstərən xüsusi işarə yerləşdirilir.

Dermatoloqlar xüsusilə tuş və maye göz laynerinin vaxtında yenilənməsini tövsiyə edirlər. Bu məhsullar hər istifadədə bakteriyalarla təmasda olduğundan təxminən üç aydan bir dəyişdirilməlidir.

Günəşdən qoruyucu kremlər, C vitamini və retinol tərkibli serumlar da zaman keçdikcə təsirini itirir. Buna görə belə məhsulların son istifadə müddətinə diqqət yetirmək vacibdir.

Mütəxəssislər bildirirlər ki, kosmetik vasitənin qoxusu, rəngi və ya quruluşu dəyişibsə, son istifadə tarixi bitməsə belə, ondan istifadə edilməməlidir.

Qeyd olunur ki, istifadə müddəti keçmiş vitaminlər əksər hallarda zəhərlənməyə səbəb olmasa da, onların təsir gücü xeyli azalır və orqanizm gözlənilən faydanı əldə etmir.

son istifadə tarixi qidalar təhlükəsizlik

Mənbə: lent.az

Xəbər lenti