IMG-LOGO

Qırğızıstan tikiş fabriki Azərbaycan bazarına məhsul tədarük etməyi planlaşdırır

29 Dec 2025 14:39 4 baxış
IMG

Qırğızıstanın "KG TEX" tikiş fabriki Azərbaycan bazarına məhsul tədarük etməyi planlaşdırır.

"Report" Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Səməd Həsənovun Qırğızıstana işgüzar səfəri zamanı məlum olub.

Səfər çərçivəsində Səməd Həsənov Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun layihələrindən biri olan "KG TEX" tikiş fabrikində olub. O, müəssisənin istehsal gücləri, əmək şəraiti, həmçinin fabrikin Qırğızıstanın yüngül sənayesinin inkişafına və yeni iş yerlərinin yaradılmasına verdiyi töhfə ilə tanış olub.

"Bildirilib ki, "KG TEX" tikiş fabrikinin məhsullarının Azərbaycan bazarına tədarükü planlaşdırılır və bu, iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına və iqtisadi əlaqələrin güclənməsinə xidmət edəcək", - məlumatda deyilir.

Bundan başqa, Səməd Həsənov Qırğızıstanın Ticarət və Sənaye Palatası və İqtisadiyyat və Ticarət Nazirliyinin rəhbərliyi ilə görüşlər keçirib. Danışıqlar zamanı tərəflər iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin mövcud vəziyyətini, həmçinin qarşılıqlı ticarət dövriyyəsinin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Eyni zamanda, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun rəhbərliyi ilə görüş keçirilib. Görüş zamanı birgə investisiya və infrastruktur layihələrinin həyata keçirilməsi də daxil olmaqla əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Xəbər lenti