IMG-LOGO

KOBİA 8 ildə KOB-ların maliyyələşdirilməsinə ayrılan vəsaitin məbləğini açıqlayıb

29 Dec 2025 14:00 6 baxış
IMG

Son 8 ildə Azərbaycanda kiçik və orta biznes subyektlərinin (KOB) təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə 129 layihəsinə 2,2 milyon manat qrant ayrılıb.

Bu barədə "Report" KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaranmasının 8 ili münasibəti ilə açıqladığı hesabatda deyilir.

Məlumata görə, sahibkarların biznes sahəsində bilik və bacarıqlarının artırılmasına olan ehtiyacı nəzərə alınaraq ötən dövrdə bu istiqamət KOBİA-nın fəaliyyətində prioritet olub. Agentliyin KOB inkişaf mərkəzlərində indiyədək sahibkarlara ödənişsiz olaraq 10 000-ə qədər məsləhət xidməti göstərilib, 64 800 sahibkara 5 200 təlim keçirilib. Ənənəvi təlim mexanizmləri innovativ və rəqəmsal həllərlə tamamlanaraq sahibkarlara daha çevik və rahat imkanlar yaradılıb. Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model Müəssisə praktik təlimləri ilə sahibkarlara səmərəli və qənaətli idarəetmə üsullarını öyrətməklə biznesin bilik və bacarıqlarını təkmilləşdirib. 180 təlim videosu, təlim materialları və özünüqiymətləndirmə testlərinin olduğu video təlim platformasından ötən müddətdə 2 200-dən artıq sahibkar faydalanıb.

Ölkənin 47 şəhər və rayonunda, o cümlədən işğaldan azad edilmiş Laçın, Zəngilan, Kəlbəcər və Füzulidə sahibkarlara yerində xidmət edən 48 KOB dostu fəaliyyət göstərir. KOB dostu şəbəkəsi sahibkarların dövlət və özəl qurumlarla effektiv əlaqələndirilməsinə, qarşılaşdıqları çətinliklərin operativ həllinə töhfə verərək zamanla onların ən etibarlı tərəfdaşına çevrilib.

KOB subyektlərinin ehtiyaclarının və çətinliklərinin öyrənilməsi və aidiyyəti üzrə çatdırılması üçün KOBİA tərəfindən bir sıra effektiv kommunikasiya kanalları yaradılıb. 22 500-dən çox sahibkarın iştirakı ilə Bakı və regionlarda 700-dək sahəvi görüş keçirilib. KOBİA yanında İctimai Şura çərçivəsində 50-yə yaxın ictimai müzakirə təşkil edilib. Bu görüşlərdə sahibkarların çətinlikləri öyrənilib, dövlət qurumları ilə birgə müzakirə edilib və həllinə dəstək göstərilib, onlar maarifləndirilib. 20 000-dək sahibkarın iştirakı ilə sorğular keçirilib.

KOB-ların maraqlarının müdafiəsi KOBİA-nın fəaliyyətinin mühüm istiqamətidir və ötən 8 ildə bu sahədə xeyli sayda sahibkarın hüquqları bərpa edilib. KOBİA "Keyfiyyətin idarə edilməsi, Müştəri məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar" üzrə beynəlxalq ISO sertifikatı əldə edib.

KOB sektorunun rəqəmsallaşması sahəsində də mühüm addımlar atılıb. Biznesin inkişafının bütün mərhələlərində sahibkarlara geniş çeşidli elektron xidmətlər təmin edən e-KOB evi portalı beta versiyada istifadəyə verilib. Yeni ildən portal tam fəaliyyət göstərəcəkdir.

Agentlik tərəfdaş qurumlar və özəl sektor ilə birgə ötən 8 ildə KOB-lar üçün bir sıra sosial layihə və proqramlar həyata keçirib. "Qarabağ KOB-ları" layihəsi çərçivəsində 220 qazi və şəhid ailəsinin üzvünün biznesə başlamasına dəstək verilib. "Gənclərin biznes emalatxanası" layihəsi üzrə 65 gəncin biznesə başlamasına dəstək göstərilib. "Uğurla tərəfdaşlıqda qadın sahibkarlar" layihəsi çərçivəsində 70 qadın sahibkara dəstək göstərilib. "Bizdən biznesə" startap layihəsi üzrə startap ideyaların reallaşdırılmasına mentorluq və maliyyə dəstəyi təmin olunub. "İnvestisiya səyahəti" layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən yüzlərlə biznes subyekti qiymətli kağızlar bazarı barədə məlumatlandırılıb. Masallı və Sumqayıtda yaradılmış Sosial Sahibkarlıq və Məşğulluq Mərkəzləri tərəfindən 250 sosial həssas şəxs üçün peşə təlimi keçirilib və işlə təminata dəstək verilib. "KOB könüllüləri proqramı"nda 850 gənc könüllü olub.

Sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə 2022-ci ildən etibarən biznes subyektlərinə KOBİA-nın təsis etdiyi "Dayaq" mükafatı təqdim edilir.

KOB-lara dəstək, yerli və xarici sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və s. kimi istiqamətləri əhatə edən 34 ölkənin müvafiq qurumları və 27 yerli və beynəlxalq təşkilatlar ilə 122 Anlaşma Memorandumu və sənədlər imzalanıb. Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, İraq, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri ilə 6 birgə biznes şurası yaradılıb. KOBİA-nın təşkilatçılığı və iştirakı ilə indiyədək 15-dən artıq beynəlxalq tədbir keçirilib. COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü "KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Bəyannaməsi"nə artıq 30-a yaxın yerli və beynəlxalq tərəfdaş qoşulub.

Bu ardıcıl və sistemli fəaliyyət nəticəsində 2018-2024-cü illərdə KOB-ların sayı 74 %-ə yaxın artaraq 424 000-ni ötüb. Hazırda ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7 %-ni KOB subyektləri təşkil edir. 2018-2024-cü illərdə KOB-ların yaratdığı əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq 9,8 milyard manatdan 21,1 milyard manata çatıb. KOB-ların əlavə dəyərdə payı 13,4 %-dən 18,5%-ə yüksəlib. KOB subyektləri üzrə işçilərin sayı 47,6 % artaraq 417 800 nəfəri keçib. KOB-ların dövriyyəsi 2019-2024-cü illərdə 54,5 % artaraq 48 milyard manat olub ki, bu da ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,4 %-ni təşkil edir.

Qeyd edək ki, mikro, kiçik və orta biznesə (KOB) ünvanlı dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış qurumun - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlamasından 8 il ötür. Azərbaycan Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Agentlik dövlət başçısının rəhbərliyi ilə sahibkarlığın, xüsusilə KOB sektorunun inkişafına göstərilən ardıcıl və sistemli dövlət dəstəyinin mühüm göstəricilərindən olmaqla ötən 8 ildə KOB sektorunun inkişafında institusional dayağa çevrilib.

Xəbər lenti