ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırda Aralıq dənizində heç bir döyüş gəmisi yoxdur.
"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun məlumatında deyilir.
Dekabr ayına qədər Amerikanın yeganə esminesi "USS Paul Ignatius" Aralıq dənizində olub. ABŞ-nin 6-cı donanmasının məlumatına görə, bu ayın əvvəlində o, Atlantik okeanında Mərakeş Hərbi Dəniz Qüvvələri ilə birgə təlimlərdə iştirak edib.
Dekabrın 26-da isə esmines Nigeriyada İŞİD-in hədəflərinə qanadlı raket zərbələri endirib. Əvvəllər Aralıq dənizində yerləşdirilən gəmilər, o cümlədən "USS Gerald Ford" təyyarədaşıyan gəmisi və üç esmines, Amerika donanma qrupunu gücləndirmək üçün noyabr ayında Venesuelanın şimalına Karib dənizinə göndərilib. Bu qrup hazırda 11 döyüş gəmisindən ibarətdir.