ABŞ Prezidenti Donald Tramp BMT-nin Ukrayna böhranının həllində kifayət qədər fəal olmadığını bildirib.
"Report"un məlumatına görə, müvafiq yazı Amerika liderinin "TruthSocial" səhifəsində yerləşdirilib.
O vurğulayıb ki, qlobal təşkilat daha çox təşəbbüs göstərməlidir.
Ağ Evin rəhbəri Tailand və Kamboca arasında sülh danışıqlarını şərh edərkən yazıb: "Birləşmiş Ştatlar faktiki olaraq hər hansı münaqişədə, o cümlədən hazırda Rusiya və Ukrayna arasında baş verən fəlakətdə çox az yardım göstərən BMT rolunu oynamağa başlayıb".
Tramp qeyd edib ki, BMT aktiv gücə çevrilməli və bütün dünyada sülh məsələlərini həll etməlidir.
Amerika lideri həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar son 11 ay ərzində dünyada səkkiz silahlı münaqişəni dayandırıb və ya həll edib. O əlavə edib ki, Tailand və Kamboca əvvəlki razılaşmalara uyğun olaraq indi sülh şəraitində yaşayacaqlar. Tramp həmçinin hər iki ölkənin liderlərini problemin tez və ədalətli həllinə görə təbrik edib və ABŞ-ın hər zaman kömək etməyə hazır olduğunu bildirib.