AvtoVAZ 2026-cı ildə iki yeni SUV modelini təqdim etməyi planlaşdırır: daha güclü mühərrikə malik yenilənmiş LADA Niva Legend SUV və tamamilə yeni LADA Azimut krossoveri.
Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, sonuncunun istehsalına gələn yay başlanması planlaşdırılır. "2026-cı ildə LADA özünün texnoloji cəhətdən müstəqil platformasına əsaslanan tamamilə yeni LADA Azimut krossoverini təqdim edəcək. Flaqman Lada Azimut krossoverinin istehsalına 2026-cı ilin yayında başlamaq planlaşdırılır.
Brend pərəstişkarları həmçinin yenilənmiş “Niva Legend”in premyerasını gözləyə bilərlər. Bu əfsanəvi SUV-un mərkəzində yeni, yüksək fırlanma momentinə malik 1,8 litrlik benzin mühərriki olacaq. Yeni modelin satışa çıxarılma tarixi daha sonra açıqlanacaq", - AvtoVAZ-ın mətbuat xidmətindən bildirilib.
Bu yaxınlarda keçirilən AvtoVAZ həmkarlar ittifaqı konfransında elan edildiyi kimi, yeni mühərrikli yenilənmiş “LADA Niva Legend”in istehsalına 2026-cı ilin may-iyun aylarında başlamaq planlaşdırılır. Kapotun altında, çox güman ki, artıq dilerlərə çatdırılan və tezliklə bütün Rusiyada rəsmi satışa çıxarılacaq yenidən dizayn edilmiş LADA Niva Travel-dən eyni 8 klapanlı, 90 at gücündə təbii aspirasiyalı VAZ-11184 mühərriki olacaq.
“AvtoVAZ”ın prezidenti Maksim Sokolov da əvvəlcə bu payızda debüt etməsi planlaşdırılan yeni “LADA Vesta Sport”u təqdim etmək planlarını açıqlayıb. Eyni zamanda, top menecerin sözlərinə görə, şirkət mövcud LADA model sırasını modernləşdirməyə davam edəcək, mövcud modellərə yeni seçimlər və güc aqreqatları təqdim edəcək.
yeni "Niva" avtomobil texnologiya