IMG-LOGO

ARAF-ın baş katibi: "Çövkən artıq beynəlxalq standartlara yaxın bir səviyyəyə yüksəlib"

26 Dec 2025 17:01 4 baxış
IMG

12-ci Prezident Kubokundakı oyunlar sübut etdi ki, çövkən artıq daha dinamik, daha baxımlı və beynəlxalq standartlara yaxın bir səviyyəyə yüksəlib.

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Emil Seyidov deyib.

ARAF rəsmisi Binə Atçılıq Mərkəzinin qapalı manejində baş tutmuş yarışla bağlı fikirlərini bölüşüb:

"Çövkən üzrə 12-ci Prezident Kubokunun final mərhələsi Azərbaycan milli atçılıq ənənələrinin bu gün hansı səviyyəyə çatdığını bir daha nümayiş etdirdi. Turnirin həm təşkilatçılıq, həm də oyun keyfiyyəti baxımından əvvəlki illərlə müqayisədə nəzərəçarpan dərəcədə inkişaf etdiyi açıq şəkildə hiss olunurdu. Xüsusilə komandaların fiziki hazırlığı, taktiki düşüncə tərzi və oyun intizamı çövkənin klassik qaydalarına tam uyğun formalaşıb. Meydanda gedən mübarizə artıq yalnız fərdi bacarıqlara deyil, komanda oyunu və düzgün strategiyaya əsaslanır. Bu da onu göstərir ki, son illər ərzində aparılan sistemli işlər real nəticəsini verməkdədir".

E.Seyidov peşəkar çövkən liqasının ötən ay uğurla başa çatdığını xatırladıb:

"Liqa çərçivəsində 12 komandanın iştirakı ilə ümumilikdə 132 oyun keçirilib. Bu göstərici yalnız rəqəmlər baxımından deyil, eyni zamanda keyfiyyət baxımından da mühüm irəliləyişdir. Davamlı oyun təcrübəsi komandaların inkişafını sürətləndirib, gənc idmançıların formalaşmasına və rəqabət mühitinin güclənməsinə ciddi töhfə verib. 12-ci Prezident Kubokunda izlədiyimiz oyunlar sübut etdi ki, çövkən artıq daha dinamik, daha baxımlı və beynəlxalq standartlara yaxın bir səviyyəyə yüksəlib. Komandalar ötən illərlə müqayisədə xeyli güclənib və bu inkişaf tendensiyası davamlı xarakter alıb".

Baş katib növbəti illər üçün əsas hədəflərinin daha geniş olduğunu vurğulayıb:

"Planlarımız təkcə çövkənlə məhdudlaşmır. Məqsəd atçılığın bütün növləri üzrə yarışların sayını maksimuma çatdırmaq, daha sıx və sistemli yarış təqvimi formalaşdırmaqdır. Növbəti mövsümdən etibarən hər həftə atçılığın müxtəlif növləri üzrə fərqli çempionat və turnirlərin keçirilməsi nəzərdə tutulur. Bu yanaşma həm idmançıların daim yarış ritmində qalmasına, həm də atçılıq idmanının ölkə üzrə kütləviləşməsinə və beynəlxalq səviyyədə daha güclü təmsil olunmasına xidmət edəcək".

Qeyd edək ki, Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş yarışın qalibi finalda "Polad"ı 3:2 hesabı ilə üstələyən "Elit" komandası olub. Üçüncü yer uğrunda görüşdə isə "Sərhədçi" "Embawood"u məğlub edib - 2:1.

Xəbər lenti