Milli Paralimpiya Komitəsi idmançıları hər zaman diqqətdə saxlayır.
"Report" xəbər verir ki, bunu qurumun baş katibi Toğrul Rəhimov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O, paralimpiyaçıların il ərzində qazandıqları uğurlar və MK-nın gələcək hədəfləri barədə danışıb:
"Prezident İlham Əliyev ölkədə idmanın, xüsusilə də paralimpiya hərəkatının inkişafına daim xüsusi önəm verir. Dövlət başçısı tərəfindən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə idmançıların və mütəxəssislərin mükafatlandırılması da bunun növbəti təzahürüdür. 2025-ci ildə Azərbaycan paralimpiyaçıları beynəlxalq yarışlarda 22-si qızıl, 18-i gümüş və 21-i bürünc olmaqla, ümumilikdə 61 medal qazanıblar. O cümlədən bir dünya və iki Avropa çempionumuz olub".
T.Rəhimov federasiyalarla əməkdaşlıq etdiklərini söyləyib:
"Komitə olaraq federasiyalarla əməkdaşlığa başlamışıq, memorandumlar imzalayırıq. Yeni vahid idman reyestri yaradılıb. Bütün idmançılarla bağlı məlumatlar bu reyestrdə yerləşdirilib. İdmançıları hər zaman diqqətdə saxlayırıq. Paralimpiyaçılarımız universitetlərdə tələbələrlə görüşür, çıxışlar edirlər. Tezliklə məktəblərdə seleksiya işlərinə başlamağı planlaşdırırıq".
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan paralimpiyaçıları beynəlxalq yarışlarda 22 qızıl, 18 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 61 medal qazanıblar.