Valideynlərin uşaqların təhsili ilə bağlı problemlərindən biri də bağça məsələsidir. Xüsusən işləyən şəxslər mütləq ki, övladlarını bağçaya qoyurlar. Amma problem ondadır ki, paytaxtınb bəzi ərazilərində dövlət bağçaları ya azdır, ya da yer tapmaq müşkül məsələdir. Özəllər isə ən yaxşı halda150 manatdan 2000-3000 manata qədər dəyişir. Elə uşaqlar var ki, onların bağçaya getməsi xüsusi önəm kəsb edir, amma valideynin ödənişi verməyə imkanı yoxdursa, olan yenə uşağa olur.
Bəs görəsən, hazırkı rəqəmlərə görə nə qədər bağça var?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Lent.az-ın sorğusuna bildirilib ki, hazırda Azərbaycanda özəl və dövlət olmaqla, ümumilikdə 1861 bağça fəaliyyət göstərir.
Bəs görəsən, qiymət məsələsini necə tənimləmək lazımdır?
Milli Məclisin deputatı, elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bağçaların qiymətlərini dövlət müəyyənləşdirməlidir.
“Əhalinin sayı surətlə artır. Elm və Təhsil Nazirliyi uşaqların məktəbəqədər təhsildən yararlana bilməsi üçün icma əsaslı model tətbiq edir, yaxud özəl bağçalara dəstək göstərir, lakin bununla yanaşı yeni bağça və məktəblərin açılması zərurəti var. Bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparılır. O işləri görmək böyük maliyyə vəsaiti tələb edir. Düşünürəm ki, dövlət bağçalarının açılması kimi vacib məqamı da mütləq nəzərdə saxlamalıyıq, addımlar atmalıyıq. Bununla yanaşı digər narahatedici məsələ də, özəl bağçaların qiymətləri ilə bağlıdır. Bağçalarda uşaqlara göstəriciləcək xidmətlərə qiymət təyin edərkən əhalinin ümumi vəziyyəti, rifahı nəzərə alınmalıdır. Vətəndaşların tək bir uşağı bağçaya qoymaq üçün yüksək vəsait verməyə imkanları yoxdur. Hesab edirəm ki, həm orta əməkhaqqı, həm də bağçaların qiymətləri dövlət tərəfindən tənzimlənməlidir. Kim hansı qiyməti istəyirsə, qoyub, bağça idarə etməməlidir”,-deyə millət vəkili fikrini yekunlaşdırıb.
Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında qeyd edib ki, dövlət-özəl tərəfdaşlığından sonra özəl bağçalar qiymətlərin qaldırılması yoluna əl atıblar:
“3-4 il bundan öncəyə qədər bağçalarla bağlı məsələlər böhran vəziyyətində idi. O vaxtlar dövlət bağçaları yerli icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərirdi. Lakin Prezidentin müvafiq Sərəncamı ilə onlar Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdi və beləcə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi yarandı və bağçalar bu quruma həvalə olundu. Məhz bu mərhələdən sonra bağçalarla bağlı mühüm islahatlar gördük. Hazırda dövlət bağçalarına əvvəlki dövrlə müqayisədə artım var. Bu müsbət məqamdır. Lakin bəzi ərazilərdə əhalinin sıxlığı ilə dövlət bağçalarının sayı mütənasib deyil. Ona görə də həmin yerlərdə özəl bağçalar fəaliyyət göstərir, ancaq onların da qiyməti əhali üçün əlçatan deyil. Bağça sahibləri düşünməlidirlər ki, valideynin o məbləği ödəyə biləcək gücü var, ya yoxdur?
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində nazirliyin təşəbbüsü əsasında bəzi özəl bağçalarda dövlət büdcəsi hesabına maliyyələşmə həyata keçirilir. Valideyn dövlət bağçasında yer tapa bilmirsə, uşağını özələ yönləndirir. Həmin ödənişin 50%-ni isə dövlət qarşılayır. Düşünürəm ki, bu təhsil üçün xüsusi bir addımdır. Amma bunu da nəzərə alıb, bağçalar qiyməti artırmaqla, valideynə daha çox zərbə vururlar. 300 manatlıq bağçanın qiymətini dövlət hesabına maliyyələşmə məsələsindən sonra 400 edirlərsə, valideynə yenə də güc düşür. Ona görə də özəl bağçalar nəzərə almalıdırlar ki, qiymət valideynə uyğun olsun”
bağça özəl bağçalar Bağçaların qiyməti Özəl bağçaların qiymət cədvəli Təhsil eksperti Milli Məclis Deputat Elm və Təhsil

