Türkiyə bazarında Azərbaycan istehsalı olan mallar üçün "İlk rəqəmsal təmas strategiyası – ilk 90 gün" strategiyası hazırlanıb.
"Report" xəbər verir ki, bunu "Kırca & Kırca" hüquq və konsaltinq şirkətinin ortağı Sertaç Çelikbilek Bakıda keçirilən "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda tədbirdə bildirib.
O qeyd edib ki, sənədə əsasən, Azərbaycan markaları Türkiyə bazarına daxil olmamışdan əvvəl onların mövqeyi dəqiq müəyyən edilməlidir: "Türk dilində veb-saytın olması, sosial şəbəkələrdə aktivlik və pərakəndə satış platformalarında əlçatanlıq seçim deyil, zərurətdir. Həmçinin məhsulun reklamı aparıldıqdan sonra onun satış nöqtələrində (və ya stokda) mövcudluğu təmin olunmalıdır. Əks halda istehlakçının mənfi reaksiyası brendin imicinə zərər vura bilər. Eləcə də, xərc analizi aparılmalıdır. Belə ki, Türkiyədə birbaşa şirkət yaratmaq yüksək xərc tələb etdiyindən, ilkin mərhələdə rəqəmsal və logistik infrastrukturun düzgün qurulması investisiyanın gəlirliliyini (ROI) təmin etməyə imkan verər".
"Türkiyə bazarına uğurlu giriş üçün 90 günlük yol xəritəsi üç əsas mərhələdən ibarətdir. İlk 30 gün ərzində əsas diqqət markanın tanıdılması və istehlakçı auditoriyası arasında etimadın formalaşdırılmasına yönəldilir. Növbəti 30–60 günlük mərhələdə satış kanalları, reklam mesajları, influnser əməkdaşlıqları sınaqdan keçirilir, ən effektiv yanaşmalar müəyyən edilir. Sonuncu 60–90 günlük mərhələdə isə əldə olunan nəticələr əsasında rəqəmsal mövqeləndirmə tamamlanır və ən uğurlu kanallara investisiyalar artırılır", - deyə qonaq əlavə edib.
Bundan başqa, S.Çelikbileyin sözlərinə görə, Azərbaycan şirkətləri B2B satışları həyata keçirməmişdən əvvəl bazar araşdırması aparmalıdır: "Türkiyə bazarına daxil olarkən hansı şirkətlə işləməyinizdən asılı olmayaraq, həmin şirkətin əvvəlcədən araşdırılması ilkin mərhələdə ciddi iz buraxır. Çünki sonradan bizə müraciət edən şirkətlərdə (bunlar Azərbaycan yox, digər ölkələrdən şirkətlər olur) tez-tez belə bir problemlə qarşılaşırıq. Onlar "kaş ki, bazara girərkən araşdırsaydıq" deyirlər. Məhz buna görə də qabaqcadan aaraşdırma aparmaq vacibdir. Çünki bu problem təkcə bir ölkəyə xas deyil - dünyanın hər yerində mövcuddur. Bu işi həqiqətən bilməyən şəxslərlə əməkdaşlıq etmək, nəticədə sizin həm Azərbaycandakı imicinə təsir edir, həm də Türkiyədəki imicinizə ciddi zərər vurur".