Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) Xarkov vilayəti üzrə keçmiş rəhbəri Roman Dudin vilayət binasının ələ keçirilməsini təşkil etməkdə və rəhbərliyi devirməyə cəhd etməkdə şübhəli bilinib.
"Report" "RBK-Ukrayna"ya istinadən xəbərinə görə, bu barədə Dövlət Təhqiqatlar Bürosu (DİB) məlumat yayıb.
"Büro Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov vilayətindəki keçmiş rəhbəri girov müqabilində həbsdən çıxmağa cəhd edərkən həbs edib və ona qarşı şübhə irəli sürüb", - DTB-in bəyanatında deyilir.
Media məlumatlarına görə, istintaq müəyyən edib ki, Xarkov UTX-nin keçmiş rəhbəri 24 fevral 2022-ci ildə Rusiyanın müdaxiləsi barədə məlumatlı olub və bu müdaxilənin uğurlu olacağını düşünərək, xüsusilə dövlət hakimiyyəti orqanının fəaliyyətini təmin edən binanı ələ keçirməyi və bununla da müəssisənin normal işinə mane olmağı planlaşdırıb.
Hazırda məhkəmə Dudin üçün yeni qətimkan tədbiri seçməlidir. Təqsirləndirilən şəxsin günahı sübuta yetiriləcəyi təqdirdə, əmlakı müsadirə edilməklə beş ildən on ilədək həbs cəzası ala bilər.
"RBK-Ukrayna" xəbər verir ki, Dudin 25 mart 2020-ci ildən Xarkovdakı UTX idarəsinə rəhbərlik edib. İstintaqın məlumatına görə, o, Rusiyanın tam miqyaslı müdaxiləsinin başlanğıcında şəhərin müdafiəsi üçün heç bir tədbir görməyib və sonradan qaçıb.
Ukrayna Prezidenti Volodimir Zelenski 29 may 2022-ci ildə Dudini tam miqyaslı müharibənin ilk günlərindən şəhərin müdafiəsinə kömək etmədiyi üçün vəzifəsindən azad edib. Bundan sonra Dudinə dövlətə xəyanətdə və hərbi vəziyyət şəraitində xidmət yerini özbaşına tərk etməkdə şübhəli bilindiyi barədə məlumat verilib.