Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" yatağı üzrə payların qismən (60-70 %) investorlara ötürülməsi ilə bağlı "Bahar Energy Operating Company Limited" (BEOC) tərəfindən strateji yol xəritəsi hazırlanıb.
Bu barədə "Report" "Bahar" və "Qum-Dəniz" yataqlarının operatoru olan BEOC-a istinadən xəbər verir.
Məlumata görə, yol xəritəsi çərçivəsində 2026-cı ilin birinci rübündə investorların cəlb olunması istiqamətində işlər davam etdiriləcək.
Xatırladaq ki, "Bahar" və "Qum-Dəniz" yataqlarının idarəçiliyi üzrə pay bölgüsündə dəyişiklik edilib və 15 avqust 2025-ci il tarixindən etibarən BEOC-da payların 100 %-i Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınıb. Bununla da layihə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) əsasında SOCAR-ın idarəçiliyinə keçib.
Qeyd edək ki, "Bahar" yatağı 1968-ci ildən, "Qum-Dəniz" yatağı isə 1955-ci ildən istismar olunur. Hər iki yataq Azərbaycanın enerji sənayesində strateji əhəmiyyətə malikdir. "Qum-Dəniz" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının cənubunda yerləşən Qum adasından başlayaraq təxminən 12 km dəniz istiqamətində uzanır. "Bahar" yatağı isə sahildən təxminən 20 km məsafədə yerləşir.