Azərbaycan 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək BMT-nin 13-cü Dünya Şəhər Forumuna (WUF13) aktiv şəkildə hazırlaşır. Forum "Dünyanı məskunlaşdırmaq: təhlükəsiz və dayanıqlı şəhər və icmalar" mövzusuna həsr olunacaq və mənzil, şəhər transformasiyası, ağıllı şəhər təşəbbüsləri, dayanıqlı inkişaf səyləri və münaqişədən sonrakı yenidənqurma məsələlərini vurğulayacaq. Bu səylər irəliyə baxan şəhər planlaşdırması ilə tarixi irsi inteqrasiya etməyi hədəfləyir. Prezident İlham Əliyev 2026-cı ili "Şəhərsalma və Memarlıq İli" elan edib, bununla da bu milli prioriteti vurğulayıb. Ölkə Prezidenti Azərbaycanın inkişaf gündəmini dayanıqlı, yaşıl və inklüziv şəhərlər üçün qlobal məqsədlərlə uzlaşdırıb.
WUF13 ərəfəsində Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini və Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramının (UN-Habitat) İcraçı direktoru Anaklaudiya Rossbax "Report"un ABŞ bürosuna müsahibəsində öz fikirlərini bildirib:
– Hörmətli Anaklaudia Rossbach, UN-Habitat proqramı haqqında məlumat verə və onun əsas missiya və məqsədlərini izah edə bilərsinizmi?
- UN-Habitat 50 il əvvəl, Habitat I adlanan beynəlxalq konfransdan dərhal sonra yaradılıb. Bu konfrans 1976-cı ildə Kanadanın Vankuver şəhərində baş tutub. Bu konfransda Üzv Dövlətlər və qlobal maraqlı tərəflər urbanizasiyanın sürətini, şəhərlərin inkişafı prosesini dəstəkləməyə həsr olunmuş güclü bir qurumun olması zərurətini dərk etdilər. Belə ki, daha çox insanın şəhərlərə gəldiyini və onların daha çox ehtiyac duyacağı spesifik bir məsələnin mənzil, sığınacaq olduğunu başa düşdülər.
UN-Habitat Katibliyin tərkibində tamhüquqlu proqram səviyyəsinə yüksəldildi. Beynəlxalq mənzil böhranı ilə məşğul olaraq sığınacaq bizim mandatımızın əsasını təşkil edir. Beləliklə, UN-Habitat BMT sistemi daxilində urbanizasiya prosesinə baxan və şəhərləri və icmaları dəstəkləyən qurum, təşkilatdır. Həmçinin yaşadığımız qlobal mənzil böhranı ilə məşğul olur.
Biz eyni zamanda şəhərlərə və icmalara yönəlmiş 11-ci Dayanıqlı İnkişaf Məqsədinin (SDG 11) qəyyumuyuq.
UN-Habitat-ın mandatı üçün əsas olan sənəd təxminən 10 il əvvəl Ekvadorun Kito şəhərində keçirilən Habitat III Konfransında Üzv Dövlətlər tərəfindən təsdiqlənib və qəbul edilib. Bu, Yeni Şəhər Gündəliyi adlanır. İndi isə, üzv dövlətlər tərəfindən 2025-ci ilin may ayında qəbul edilmiş ən yeni Strateji Planımız mənzil, torpaq və əsas xidmətlərə diqqət yetirir. Biz həmçinin yerlərdə yerli fəaliyyəti dəstəkləyən şəhərlər və icmalarla işləyirik.
– Bu proqramla neçə ölkə ilə işləyirsiniz?
- Biz 70-dən çox ölkədə mövcuduq. Əlbəttə ki, biz BMT olaraq bütün üzv dövlətlərlə işləyirik. Məsələn, bu il mayda Nayrobidə BMT-Habitat Assambleyamız oldu və orada 108 üzv dövlət iştirakı var idi.
- WUF13-nin əsas məqsədləri nədir və Bakının bu qlobal tədbiri qəbul etməsi niyə əhəmiyyətlidir?
- Dünya Şəhər Forumu 2001-ci ildə yaradılıb, Üzv Dövlətlər tərəfindən UN-Habitat-ın daha güclü olmalı olduğu qəbul edilib. Beləliklə, o zaman Katibliyin nəzdində tam fəaliyyətli bir proqram halına gəldi və sonra Dünya Şəhər Forumu BMT Baş Assambleyası tərəfindən təsis edildi.
Bu, şəhər inkişafı və insan məskunlaşmaları sahəsində mütəxəssislərin bir araya gələcəyi bir platforma kimi nəzərdə tutulmuşdu. Başa düşürdülər ki, bir təşkilat olaraq bizim potensialımız problemlərin miqyası ilə mübarizə aparmaq üçün genişləndirilməlidir. Beləliklə, əslində bu, maraqlı tərəflərin bizim işimizə qoşulması üçün platforma kimi xidmət edən bir BMT konfransıdır.
Biz Bakıda keçiriləcək WUF13-ün bu xüsusiyyətini həqiqətən gücləndirməsini istəyirik. Biz yerli və regional hökumətlərdən, akademik dairələrdən, vətəndaş cəmiyyətindən və müxtəlif qruplardan güclü iştirak istəyirik və əmin olmaq istəyirik ki, Yeni Şəhər Gündəliyinin orta müddətində onların fikirləri eşidilsin.
2016-cı ildə təsdiqlənən Yeni Şəhər Gündəliyi 2036-cı ilə qədər davam edəcək. Onu tam həyata keçirmək üçün hələ 10 ilimiz var. Bu WUF həqiqətən də bir koalisiya qurduğumuz, kritik kütlə yaratdığımız, işlək həllər və təcrübələrə baxdığımız və bunun ətrafında bir araya gəldiyimiz vacib nöqtə kimi xidmət etməlidir.
Bakı çox maraqlıdır, çünki hazırkı çağırışların bir hissəsi kimi çalışdığımız sahələrin bir çoxu Bakı və ümumilikdə Azərbaycan təcrübəsi ilə əlaqəlidir. Biz sadəcə evlər tikə bilmərik; bizə şəhər planlaşdırması lazımdır.
Məsələn, Bakıda Ağ Şəhər var ki, bu, şəhər yenilənməsi, transformasiyası nümunəsidir. Bakıda əlaqələndirə biləcəyimiz bir sıra təcrübələr var.
Həmçinin, bütün region UN-Habitat üçün çox güclü bir region kimi ortaya çıxır. Bu elə bir regiondur ki, UN-Habitat-ın çox güclü iştirakı olmayıb. Beləliklə, regional aspekt də UN-Habitat üçün son dərəcə əhəmiyyətlidir.
- WUF13 gündəliyini hansı əsas tematik sahələr formalaşdıracaq və BMT-Habitat hazırlıq prosesində Azərbaycan Hökuməti ilə necə əməkdaşlıq edir? İndiyə qədər əldə edilmiş əsas nailiyyətləri də vurğulaya bilərdinizmi?
- Hər şeydən əvvəl, bizim mövzumuz var və bu, mənzil, təhlükəsiz və davamlı şəhərlər və icmalardır. Bu, mayda BMT-nin Habitat Assambleyasında təsdiqlənən və mənzil məsələsinə prioritet verən ən yeni Strateji Planımıza birbaşa uyğundur və Üzv Dövlətlər tərəfindən dəstəklənib. Beləliklə, bizim razılaşdırılmış mövzumuz var.
BMT-Habitat, Azərbaycanın Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinin (ŞADK) sədri kimi də fəaliyyət göstərən milli koordinator Anar Quliyevlə birlikdə WUF13-ün həm substantiv proqramını, həm də əməliyyat hazırlıqlarını irəli aparmaq üçün Azərbaycan Hökuməti ilə bütün səviyyələrdə sıx əməkdaşlıq edir.
Təşkilat Komitəsi, Milli Koordinator və İcraçı Şirkət hazırda bizimlə sıx əməkdaşlıq edirlər. Unutmamalıyıq ki, bu böyük, BMT daxilində ikinci ən böyük konfransdır - ona görə də biz logistika məsələsində çox dəqiq olmalıyıq. Və burada əvvəlki sualla əlaqəli başqa bir səbəb də var: Bakı COP29 və digər beynəlxalq tədbirlərə ev sahibliyi edib, buna da diqqət yetirək. Təcrübə var və bu bizim üçün çox vacibdir, çünki logistika çox mürəkkəbdir.
Əsas sessiyalar barədə razılığa gəldik. Şəhər Şərgisi, Təcrübələr Mərkəzi və yeni WUF13 Akademiyamız var. Strukturla razılaşmışıq və artıq WUF13 və tərəfdaşların rəhbərlik etdiyi tədbirlər üçün qeydiyyatı açmışıq. Mən tərəfdaşların rəhbərlik etdiyi tədbirləri xüsusilə vurğulamaq istəyirəm, çünki dediyim kimi, WUF maraqlı tərəflər üçün nəzərdə tutulub. Bizim 350 tərəfdaşın rəhbərlik etdiyi tədbir var. Yalnız bir neçə tədbir BMT-Habitat və ya BMT sistemi tərəfindən təşkil edilir və idarə olunur. Tərəfdaşların rəhbərlik etdiyi tədbirlərə böyük ümidlərim var. Qeydiyyat açıqdır, bu da böyük irəliləyişdir.
Biz beynəlxalq səviyyədə maraqlı tərəflərin cəlb edilməsi prosesinə aktiv başlamışıq. Biz istəyirik ki, WUF həqiqətən maraqlı tərəflərin tədbiri olsun.
Biz həmçinin Azərbaycanda olarkən, milli səfərbərliyi təmin edəcək və impuls yaradacaq Azərbaycan Şəhər Kampaniyasını da başlatdıq. Biz həqiqətən istəyirik ki, Dünya Şəhər Forumu fəaliyyət göstərdiyimiz ölkələrdə və şəhərlərdə iz qoysun və Dünya Şəhər Forumunun özündən əvvəl keçirilən Bakı Şəhər Həftəsinə impuls versin. Çox işlər görülüb, amma gedəcəyimiz uzun bir yol var.
– Qeyd etdiniz ki, artıq qeydiyyat prosesini açmısınız. Neçə qonağın qoşulacağını gözləyirsiniz?
- Xeyli sayda. Keçən il Qahirədə təxminən 25 min iştirakçımız var idi və gələn il də buna bənzər bir rəqəmə çatmağı ümid edirik.
- Bu forumda ilk dəfə olaraq Liderlər Sammitinin keçiriləcəyi bildirilib. WUF13 üçün hansı digər "ilklər" və ya innovativ təşəbbüslər planlaşdırırsınız?
- Daha əvvəl qeyd etdiyim kimi, biz WUF13 Təcrübə Mərkəzi planlaşdırırıq. Bu, təlim və potensialın artırılması yolumuz baxımından çox innovativ olacaq. Həmçinin WUF13 Akademiyasını da planlaşdırırıq. Biz bu Dünya Şəhər Forumunda bir çox aspektləri dəyişirik ki, onu daha inklüziv, daha çox birgə yaradılma modelləri altında və daha məqsədəuyğun edək. Biz istəyirik ki, görüş xatirinə görüş olmasın. İstəyirik ki, məqsəd və fəaliyyətlə görüşməyimizi təmin edək. Mən, məsələn, Təcrübə Mərkəzinə çox ümid bəsləyirəm. Bu, mənzil və dayanıqlı şəhər inkişafı problemlərinin həlli üçün praktik həllər və yanaşmaları nümayiş etdirmək üçün böyük bir yenilikdir.
WUF həmçinin davam edən başqa bir hökumətlərarası proses üçün çox vacib olacaq: Mənzil üzrə Açıq İşçi Qrupu, və Azərbaycan bu prosesin həmsədrlərdən biridir. Bu, BMT-Habitat çərçivəsində çox vacib bir hökumətlərarası prosesdir.
Amma əlbəttə ki, Liderlər Sammitinin keçirilməsi bizə lazım olan siyasi dəstəyi qazanmaq üçün çox vacibdir. Urbanizasiya prosesi bir planet kimi üzləşdiyimiz bütün çağırışlar üçün əhəmiyyətlidir. Çox tezliklə, 2050-ci ilə qədər, əhalinin 70 %-i şəhərlərdə yaşayacaq. Buna görə də, biz şəhərlərin inkişaf, humanitar böhranlar, sülh və təhlükəsizlik, insan hüquqları, inkişaf və BMT-nin bütün fəaliyyət sahələri ilə bağlı çağırışlarla mübarizə aparmaq üçün kifayət qədər güclü olmasını təmin etməliyik.
- Münaqişədən sonra şəhərlərin bərpası Azərbaycan üçün əsas prioritet olaraq qalır. BMT-Habitat şəhər və icmaların davamlı, dayanıqlı və inklüziv şəkildə yenidən qurulması səylərini necə dəstəkləyə bilər?
- Qeyd etdiyim kimi, bərpa və yenidənqurma bizim işimizin vacib sahələrindən biridir. Strateji Planımıza baxsanız, mərkəzdə mənzil məsələsi durur, lakin təsir sahələrimiz var. Biri yoxsulluq, digəri iqlim dəyişikliyi və üçüncüsü bərpa və hazırlıqdır. Öyrəndiyimiz hər şey qlobal işimizdə öz əksini tapacaq. Xüsusilə Azərbaycanda bizim ofisimiz, komandamız var və DŞAK-ın rəhbərliyi altında çox tezliklə Qarabağda iki kəndin yenidən qurulması üçün xüsusi planların hazırlanması və bu proses üçün bütöv şəhər inkişafı yanaşmasının təqdimatına başlayacağıq.
Mən bu yaxınlarda kampaniyanı başlatmaq üçün regionda oldum, amma ideya həqiqətən də icmanı əsas infrastruktur, mənzil, ictimai xidmətlər və yaşıllıq sahələri ilə bütöv inkişaf prosesinə inteqrasiya etməkdir.
Beləliklə, biz Azərbaycan hökumətini dəstəkləməkdə çox həvəsliyik, öz təcrübəmizi istifadə edirik, qlobal mövcudluğumuzu orada birləşdiririk, lakin eyni zamanda prosesdən öyrənirik, çünki hər proses yeni bir mərhələdir və biz də bundan öyrənirik.
- Siz dediyiniz kimi Bakıya səfər etmək imkanınız olub? Bakını şəhərsalma və dayanıqlı inkişaf perspektivindən necə qiymətləndirərdiniz?
- Bəli, mən Bakıda iki dəfə olmuşam. Artıq qeyd etdiyim kimi, Ağ Şəhər şəhərin yenidən canlandırılmasının əla nümunəsidir. Düşünürəm ki, Ümumdünya Şəhər Forumu zamanı insanların ziyarət etməkdən çox məmnun olacağı bir şəhərdir. Bu, gözəl bir şəhərdir və bir çox iştirakçı holistik (vahid - red) şəkildə şəhər planlaşdırılmasından və şəhərin yenidən canlandırılmasından çox şey öyrənə biləcəklər.
- COP29 hazırlıqlarının əvvəlində onlar məqsədlərini "Bu məqsədlərə çatmaq istəyirik" deyərək ifadə etdilər. Sizin məqsədləriniz nədir və Bakıda WUF13-ün sonunda onlara nail olacağınıza nə qədər nikbinsiniz?
- Bakı Davamiyyət Koalisiyası var; biz Berlində və Braziliyada görüşdük və şəhər inkişafı, iqlim dəyişikliyi və ətraf mühitin kəsişməsi haqqında müzakirələri davam etdirdik. Kəsişmə sahələri çoxdur.
Biz keçmişi qiymətləndirəcəyik, lakin paralel olaraq gələcəyə baxmalıyıq.
- WUF13-ün ev sahibliyi Azərbaycanın şəhər inkişafı, iqlim davamlılığı və innovasiya sahəsində regional və qlobal əməkdaşlıqdakı rolunu necə gücləndirə bilər?
- Biz ümid edirik ki, WUF13 regiondakı mövcudluğumuzu gücləndirəcək. Hazırda İstanbulda yeni regional ofis açırıq. Bu ofis Şərqi Avropa və Mərkəzi Asiya üçün regional ofis olaraq fəaliyyət göstərəcək.
Dünya Şəhər Forumu vasitəsilə şəbəkəmizi, əlaqələrimizi və regionda mövcudluğumuzu genişləndirəcəyinə ümid edirik. Hətta mən Milli Şəhər Forumuna, Şəhər Kampaniyasını başlatmaq üçün Azərbaycana getdiyim zaman, bunun artıq beynəlxalq forum olduğunu anladım; o, regiondan yerli hökumətlər, milli hökumətlər və müxtəlif maraqlı tərəfləri cəlb etmişdi. Beləliklə, mən düşünürəm ki, WUF13 bu mənada katalizator ola bilər.
Bu həmçinin regionda nələr baş verdiyini, müxtəlif kontekstləri və təcrübələri daha çox öyrənmək üçün bir fürsətdir, lakin öyrənəcəyimiz çox şey də var.
Bu mənada, bizimlə gənc insanların olmasına ehtiyacımız var. Beləliklə, mən həqiqətən ümid edirəm ki, WUF vasitəsilə də onları səfərbər edə bilərik. Bizim bütöv bir seqmentimiz, gənclərdən ibarət məşvərətçi şuramız var. Beləliklə, biz Azərbaycanın gənc peşəkarları ilə tələbələrlə işləməyi ümid edirik.
- Siz artıq Azərbaycan gənclərinin nümayəndələri ilə görüşmüsünüz?
- Bəli, mən onlarla görüşmüşəm. Bizdə BMT-Habitatın Gənclər Məşvərət Şurası var. WUF13 hazırlıqları çərçivəsində WUF prosesində iştirak edən gənclərin bütöv bir seqmenti var.
- 2026-cı ildə Bakıda keçiriləcək WUF13 ərəfəsində qlobal ictimaiyyətə hansı mesajı çatdırmaq istərdiniz?
- Düşünürəm ki, son mesaj Bakıya getməkdir. Siz bundan zövq alacaqsınız, bu, gözəl şəhərdir. Sizin hamınıza ehtiyacımız var.







