IMG-LOGO

WUF13 Azərbaycan Əməliyyat Şirkəti tədbirlə bağlı görülən işləri açıqlayıb

26 Dec 2025 10:32 3 baxış
IMG

Gələn il mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalq tədbirdir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov bildirib.

Onun sözlərinə görə, WUF13 sessiyası BMT-nin Məskunlaşdırma Proqramı və Azərbaycan hökumətinin birgə təşkil etdiyi ən nüfuzlu beynəlxalq platformalardan biridir: "WUF13 sessiyası qlobal şəhərsalma gündəliyinin mühüm mərhələsi olmaqla yanaşı, dayanıqlı şəhər inkişafı sahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalq tədbirdir. Forum ilk dəfə olaraq Xəzər və Cənubi Qafqaz regionunda keçiriləcək və tədbirdə 10 minə yaxın beynəlxalq iştirakçı, ümumilikdə isə təxminən 30 min iştirakçının olması gözlənilir".

E.Rəsulov vurğulayıb ki, əvvəlki WUF tədbirlərindən fərqli olaraq, Forum çoxsaylı dövlət və hökumət başçılarının iştirakı ilə baş tutacaq: "Tədbir çərçivəsində 40 əsas sessiya və 350 tərəfdaş tədbiri təşkil olunacaq. Forumun əsas tədbirləri işarət dili də daxil olmaqla səkkiz dildə sinxron tərcümə ilə təmin ediləcək. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkili məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti 30 iyun 2025-ci il tarixində fəaliyyətə başlayıb. Qısa müddət ərzində institusional hazırlıq, məkan infrastrukturu planlaşdırılması, əməliyyatların idarə olunması, nəqliyyat, marketinq və kommunikasiya kimi sahələr üzrə kompleks işlər həyata keçirilib.

Bu miqyasda tədbirin uğurla təşkili üçün peşəkar heyətin formalaşdırılması əsas prioritetlərdən biridir. Hazırda 300 nəfərə yaxın əməkdaşdan ibarət işçi heyəti formalaşdırılıb. Cəlb olunan əməkdaşların əksəriyyəti beynəlxalq tədbirlərin təşkili üzrə təcrübəyə malik peşəkar mütəxəssislərdir".

Xəbər lenti